Türkiyənin Edirne şəhərində Beynəlxalq Velosipedçilər İttifaqının 1.2 kateqoriyalı "Fateh Sultan Mehmet Edirne” turu keçirilib. 124 kilometrlik yarış Azərbaycan yığma komandası üçün uğurla başa çatıb. Qardaş ölkədə baş məşqçi Əbülfəz Məmmədovun rəhbərliyi altında Elçin Əsədov, Samir Cəbrayılov, Musa Mikayılzadə, Mikayıl Səfərli və Mahmud Məmmədovdan ibarət heyətlə çıxış edən yığma üzvlərimizdən ikisi finişi 15 nəfərlik lider qrupun tərkibində keçib – 2 saat 57 dəqiqə 25 saniyə. Fotofinişə əsasən Samir Cəbrayılov 2-ci, Elçin Əsədov isə 6-cı olub.
Oktyabrın 13-də yığma komandamız Türkiyədə növbəti birgünlük yarışda – 1.2 kateqoriyalı "Fateh Sultan Mehmet Kirklareli” turunda mübarizə aparacaq və daha sonra 2.1 kateqoriyalı Peninsula Turunda iştirak etmək üçün Malayziyaya yola düşəcək.