Bu gün Mərakeşdə cüdo üzrə gənclər arasında dünya çempionatına start verilib. 81 ölkədən 500-dən çox tatami ustasının iştirak etdiyi yarışda Azərbaycan idmançıları da qüvvələrini sınayacaqlar. Çempionatda ölkəmiz 9 kişi, 2 qadın olmaqla 11 cüdoçu ilə mübarizə aparır. Belə ki, kişilər arasında Rövşən Əliyev, Əhməd Yusifov (hər ikisi 60 kq), İbrahim Əliyev, Davud Abbaslı (hər ikisi 66 kq), Yaqub Cavadov (73 kq), Cahangir Məcidov, Murad Fətiyev (hər ikisi 81 kq), Abdulla İsmayılov (100 kq), İmran Yusifov (+100 kq) mübarizə aparacaqlar. Qadınların yarışında isə Gültac Məmmədəliyeva (52 kq) və Südabə Ağayeva (63 kq) ölkəmizi təmsil edir. Yarışın birinci günündə 5 cüdoçumuz mübarizəyə başlayıb. Kişilər arasında 60 kiloqram çəki dərəcəsində Rövşən Əliyev Hakberdi Jumayev (Türkmənistan) - Ervand Nersesyan (Ermənistan), Əhməd Yusifov Jaheo Jin (Koreya Respublikası) - Anass Elalamı Elıdrıssı (Mərakeş) cütünün qalibləri ilə qarşılaşacaqlar. İbrahim Əliyev ABŞ təmsilçisi Riçard Marin, Davud Abbaslı (hər ikisi 66 kq) ermənistanlı Arsen Avedisyan ilə qüvvələrini sınayacaqlar. Qadınların yarışında isə Gültac Məmmədəliyeva (52 kq) italiyalı Federika Silveri ilə mübarizə aparacaq. Dünya çempionatı oktyabrın 19-dək davam edəcək.