Mətbuatdan məlum olduğu kimi, əfsanəvi idmançı Lens Armstronqun adı dopinq qalmaqalında hallandırılır. Maraqlıdır ki, əgər bu qalmaqalda Beynəlxalq Velosiped Federasiyasının da rolu aşkar edilərsə, bu idman növünü Olimpiya oyunlarının proqramından çıxarılmaq təhlükəsi gözləyir.
Beynəlxalq Olimpiya Komitəsinin (BOK) mütəxəssisləri belə hesab edirlər ki, heç bir idmançı beynəlxalq federasiyanın dəstəyi və köməyi olmadan bu qədər uzun müddət ərzində qadağan olunmuş preparatdan istifadə etdiyini gizlədə bilməzdi. Onlar düşünürlər ki, əgər beynəlxalq federasiya bu müddət ərzində ABŞ idmançısının əməllərini ört-basdır edibsə, deməli, bu cür mötəbər yarışı onlara həvalə etmək olmaz.
Xatırladaq ki, 2012-ci ilin payızında ABŞ Antidopinq Agentliyi qadağan olunmuş preparatlardan itsifadə etdiyi üçün Lens Armstronqu bütün titullardan, o cümlədən "Tur de Frans”ın 7 qat qalibi adından məhrum edib.