Qrossmeysterimiz liderliyini qoruyur

Qrossmeysterimiz liderliyini qoruyur


Çinin paytaxtı Pekində keçirilən kişilər arasında şahmat üzrə Qran-pri yarışı davam edir. Turnirdə ölkəmizi qrossmeysterimiz Şəhriyar Məmmədyarov (2761) təmsil edir.
Şahmatçımız dairəvi sistem üzrə keçirilən yarışda Aleksandr Qrişuk (Rusiya, 2780), Sergey Karyakin (Rusiya, 2776), Boris Gelfand (İsrail, 2773), Veselin Topalov (Bolqarıstan, 2767), Qata Kamski (ABŞ, 2763), Van Hao (Çin, 2752), Peter Leko (Macarıstan, 2737), Aleksandr Morozeviç (Rusiya, 2736), Aniş Qiri (Hollandiya, 2734), Vasili İvançuk (Ukrayna, 2733) və Vanq Yue (Çin, 2705) kimi güclü rəqibləri ilə birlikdə mübarizə aparır. İlk turda şahmatçımız Petr Leko ilə üz-üzə gəlib. Qiri Karyakinlə, Morozeviç Vanq Yue ilə, Gelfand Topalovla, Kamski Qrişukla, İvançuk isə Van Hao ilə qarşılaşıb. Təmsilçimiz birinci turda xal bölgüsünə üstünlük verib. İkinci turda isə şahmatçımız Qata Kamski ilə münasibətlərinə aydınlıq gətirib. Birinci turda olduğu kimi, ikinci turda da Şəhriyar yarımxalla kifayətlənib. Üçüncü turda isə Məmmədyarov ilk qələbəsini qazanıb. Vasili İvançuk qrossmeysterimizlə bacara bilməyib. Növbəti turda da təmsilçimiz qələbəni bayram edib. Beşinci turda isə Aleksandr Qrişuk həmyerlimizin xal qazanmasına imkan verməyib. O, şahmatçımızı məğlubiyyətə uğradaraq aktivinə xal əlavə edib. Yarışın altıncı turunda Şəhriyar qara fiqurlarla turnirin lideri Sergey Karyakinlə (Rusiya) qarşılaşıb. Oyunun 95-ci gedişində təmsilçimiz rəqibinin "şah”ını "mat” edib. Şahmatçımız bu qələbə ilə turnirin liderlər siyahısında yer alıb.
Yeddinci turda isə qrossmeysterimiz ağ fiqurlarla sabiq dünya çempionu Veselin Topalovla (Bolqarıstan) qarşılaşıb. Həmin görüşdə Topalov "şah”ını qurban verib. Növbəti turda isə şahmatçımız heç-heçə edib. 9-cu turda o, Aniş Qiri ilə üz-üzə gəlib - 1:0. 10-cu turda isə şahmatçımız məğlubiyyətlə üzləşib.
Beləliklə, 10 turdan sonra aktivində 6,5 xalı olan Şəhriyar Məmmədyarov turnir cədvəlinə başçılıq edir.
10 turdan sonra turnir cədvəli: 1. Şəhriyar Məmmədyarov - 6,5 xal. 2. Aleksandr Qrişuk - 6. 3-4. Morozeviç, Peter Leko - 5,5. 5-8. Sergey Karyakin, Aniş Qiri, Veselin Topalov, Van Hao - 5. 9-10. Boris Gelfand, Vasili İvançuk - 4,5. 11. Van Hao - 4. 12. Qata Kamski - 3,5.