Beynəlxalq yarışlardan birində aldığı zədəyə görə o, idman karyerasını çox gənc yaşda başa çatdırıb. Amma həmin vaxtadək Olimpiya Oyunlarının da iştirakçısı olmuşdu. Hətta qitə və dünya çempionatlarının bürünc mükafatçısı idi. İndi isə cüdo ictimaiyyəti onu veteranlar arasında üçqat dünya çempionu kimi tanıyır. Ona təkcə əldə etdiyi titullara görə deyil, həm də yüksək insani keyfiyyətlərinə görə də hörmət edirlər. Bu hər adama nəsib olmur. Xüsusilə yüksək insani keyfiyyətləri vurğulamaq yerinə düşür. Çünki hər bir titulu və fəxri adı istənilən yaşda əldə etmək olur. Lakin mənəvi zənginlik və hörmət hər yaşda qazanılmır. Haqqında danışdığımız idmançı Rəsul Səlimovdur. Bu yaxınlarda usta cüdoçular arasında Mərakeşdə keçirilən dünya çempionatının qalibi Rəsul Səlimovdan bəhs edən yazını oxucularımıza təqdim edirik.
Rəsul Alik oğlu Səlimov 1981-ci il dekabrın 26-da Bakı şəhərində anadan olub. Əslən dağıstanlı olan atası Alik Səlimov 25 ilə yaxın Bakı şəhərində yerləşən 61 saylı tam orta məktəbdə idman müəllimi işləyib. Qeyd edək ki, Alik Səlimov voleybol üzrə idman ustasıdır. Anası Naibə Səlimova isə ixtisasca həkim olub.
İdmana böyük maraq göstərən Rəsul 7 yaşında cüdo ilə məşğul olmağa başlayıb. Onun bu idman növünə maraq göstərməsinin əsas səbəbi ilk növbədə atası, daha sonra isə cüdo üzrə məşqçi Adil Əliyev olub.
Belə ki, Alik Səlimov özü voleybolçu olmasına baxmayaraq, güləşə də böyük həvəsi var idi. Məhz buna görə də o, oğlanları Rəsul və Nurəddini sərbəst güləşçi kimi görmək istəyirdi. Günlərin birində 61 saylı orta məktəbə cüdo klubundan bir məşqçi, Adil Əliyev gəlir. A.Əliyev məktəbdə oxuyan istedadlı uşaqları toplayaraq, cüdo bölməsinə
dəvət edir. Beləcə, Rəsul Səlimov 7 yaşından cüdoda ilk addımlarını atmağa başlayır. Bu idman növünün sirlərini A.Əliyevdən öyrənən Rəsul, 6 ildən sonra məşqlərini İbadulla Şabanovun rəhbərliyi altında davam etdirir.
«Rəqibimin məndən üstün olduğunu görüb,
hiyləyə əl atdım»
Böyük istedada malik olan Rəsulun cüdoya olan həvəsi, tezliklə böyük uğurlara yol açır. O, qısa zaman ərzində ümidləri doğruldaraq ölkədaxili yarışların və beynəlxalq turnirlərin qalibi və mükafatçısı olur. Artıq onun qarşısında demək olar ki, uğura aparan işıqlı bir yol var idi. 1997-ci ildə yeniyetmələr arasında Avropa birinciliyində bürünc medal qazanan Rəsul, 1 ildən sonra Moskvada ilk dəfə olaraq keçirilən Yeniyetmələrin Olimpiya Oyunlarıda qızıl medala layiq görüldü. R.Səlimov yeniyetməlik illərində əldə etdiyi möhtəşəm qələbəni hələ də xatırladığını bildirir: "Moskvada keçirilən Yeniyetmələrin Olimpiya Oyunları bizim üçün böyük təcrübə oldu. Bu yarışın iştirakçıları sonralar böyüklər arasında keçirilən Olimpiya Oyunlarında da yer tutmuşdular.
Moskvadakı Oyunlarda beş görüş keçirdim. Ən yaddaqalan görüşüm 1/4 finalda fransalı idmançıya qarşı oldu. Bu görüşdə məğlub olduğum halda son dəqiqədə fənd işlədərək qələbə qazandım. İtaliya idmançısı ilə keçən yarımfinal mübarizəsi də mənim üçün yaddaqalan oldu. Demək olar ki, hadisələr eyni ssenari ilə gedirdi. Rəqibimin məndən fiziki cəhətdən üstün olduğunu görüb, hiyləyə əl atdım. Bildiyiniz kimi, hər bir idmançının sevimli fəndi var. Rəqibimin də hansı fəndi daha çox sevdiyini bilirdim. Ona görə də özümü yorğun göstərərək, həmin fəndi tətbiq etməsinə şərait yaratdım. İtaliyalı idmançı həmin fəndi icra etmək istəyəndə onu əks fəndlə məğlub etdim. Final görüşüm isə braziliyalı idmançı ilə oldu. Bu görüşdə rahatlıqla rəqibimə qalib gələrək qızıl medala layiq görüldüm. Bu yarış demək olar ki, mənim üçün böyük idmana gedən yolda bir təkan idi. Həmin vaxtları indi də sevinclə xatırlayıram”. Ardıcıl nailiyyətlər qazanan Rəsul 1999-cu ildə Slovakiyanın paytaxtı Bratislavada, 1 il sonra isə Polşanın Vrotslav şəhərində keçirilən Avropa çempionatında bürünc medala sahib çıxır. 2001-ci ildə isə o, Fransanın paytaxtı Parisdə yenidən qitə çempionatının bürünc medalına layiq görülür. Elə həmin ildə də Almaniyanın Münhen şəhərində keçirilən dünya çempionatında fəxri kürsünün üçüncü pilləsində yer alır.
Getdikcə parlamağa başlayan gənc cüdoçu bundan başqa hərbçilər arasında keçirilən yarışlarda da mükafatalayiq yerlər tutur. 1999-cu ildə Xorvatiyanın paytaxtı Zaqrebdə təşkil olunan Hərbçilərin Ümumdünya Oyunlarında bürünc medal qazanır. 2000-ci ildə isə o, qardaşı ilə birgə, Niderlandda keçirilən hərbçilərin dünya çempionatında mübarizə aparır. Qardaşı Nurəddin 90 kq çəkidə bürünc medala sahib çıxır. Budəfəki yarışda gücünü 100 kq çəki dərəcəsində sınayan Rəsul Səlimov isə finala qədər inamla irəliləyir. Lakin zədəli olduğu üçün final görüşündə iştirak edə bilmir və gümüş medala layiq görülür.
Gənc yaşlarında yığma komandada özünü qazandığı nailiyyətlərlə təsdiqləyən Rəsul Sidney-2000 Yay Olimpiya Oyunlarında iştirak etmək hüququ qazanır. 20 yaşında 4 illiyin zirvə yarışında iştirak edən idmançı bürünc medal uğrunda görüşdə məğlub olaraq beşinci yerlə kifayətlənir. Medalın bir addımlığında məğlub olan Rəsul həmin anları belə xatırlayır: "Olimpiya Oyunlarında iştirak etmək və qalib olmaq hər bir idmançının ən böyük arzusudur. Sidneydə keçirilən XXVII Olimpiya Oyunlarında iştirak edəndə 20 yaşım var idi. Bu Oyunlara lisenziya qazanmaq üçün 6 turnirdə iştirak etmişdim. Olimpiadada 6 görüş keçirdim. İlk mərhələdə kanadalı idmançıya məğlub olsam da, sonra ardıcıl olaraq 4 görüşdə qalib gəldim. Bürünc medal uğrunda keçirdiyim həlledici qarşılaşmada isə fransalı cüdoçuya məğlub oldum. Məğlubiyyətimi yorğunluqla əlaqələndirirəm. Çünki bundan əvvəl ABŞ idmançısı ilə gərgin görüş keçirmişdim. Həmin mübarizədə hakimlərin yanlış qərarına görə icra etdiyim fənd qeydə alınmadı. Halbuki, həmin fənd qeydə alınsaydı, mən görüşün elə birinci dəqiqəsində qalib elan olunacaqdım. Beləliklə, görüş uzandı və biz beş dəqiqəyə kimi mübarizə aparmalı olduq. Lakin hakimlər sonda qələbəni mənə verdilər. Bu görüşdə həqiqətən də çox yorulmuşdum. Elə bu səbəbdən həlledici qarşılaşmaya yorğun çıxdım. Bundan başqa, yarış Avstraliyada keçirildiyi üçün saat fərqi də öz təsirini göstərirdi. Çünki tam olaraq uyğunlaşa bilməmişdim. Üçüncü yer uğrunda görüşdə Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyev və xanımı Mehriban Əliyeva da arenada idilər. Təəssüf ki, həmin görüşdə məğlub oldum və beşinci yerlə kifayətləndim. Görünür, qismət belə imiş. Həmin məğlubiyyət bu günə qədər mənim yadımdadır. Bu görüşü heç vaxt unutmayacağam”.
«Bakıya qayıdandan sonra gördüm ki,
artıq güləşə bilmirəm»
Düzdür, Sidney Olimpiya Oyunlarında Rəsulun 20 yaşı olduğunu nəzərə alsaq, onun hazırlıq səviyyəsi və stabil çıxışı növbəti olimpiadalarda medal qazanacağına əminlik yaradırdı. Artıq hər kəs, onu nəinki, Avropada, hətta dünyada ciddi rəqib kimi qəbul edir, ondan çəkinirdi. Təəssüf ki, karyerasının ən pik vaxtlarında, 2001-ci ildə İtaliyada hərbçilər arasında keçirilən dünya çempionatında çiynindən aldığı zədə demək olar ki, onun idmançı karyerasını erkən başa vurması ilə nəticələndi. Qəhrəmanımız həmin anları xatırlayarkən deyir: "Bürünc medal uğrunda qarşılaşmaya çıxacaqdım. Lakin karyeramda ilk dəfə idi ki, belə bir həlledici görüşə çox həvəssiz
yanaşırdım. Beynimdə mən nə edirəm, necə qələbə qazanacağam deyə, qəribə suallar dolaşırdı. Görüş vaxtı rəqib qolumu dartdı, həmin vaxtı çiynimdə narahatlıq hiss etdim. Çətinliklə də olsa, görüşü başa vurdum. Məğlub olaraq beşinci yerlə kifayətləndim. Əvvəllər zədənin ciddiliyinə o qədər də əhəmiyyət vermədim. Düşündüm ki, tezliklə keçər. Bakıya qayıdandan sonra gördüm ki, artıq güləşə bilmirəm. Bir müddətdən sonra zədəli halda iştirak etdiyim bir turnirdə qalib gəldim. 2002-ci ildə Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyev zədəli olduğumu biləndə məni qəbul etdi, diqqət və qayğısını məndən əsirgəmədi. Moskvada əməliyyat olunmağım üçün köməklik etdi. İki ildən sonra isə yenidən əməliyyat olunmağım üçün Almaniyaya yollanmağıma şərait yaratdı. Bəlkə də, əməliyyatdan sonra məşqlərə tez başladığıma görə zədəm tam bərpa olmadı. 2004-cü ildə Afinada XXVIII Yay Olimpiya Oyunları keçiriləcəkdi. Çox istəyirdim ki, həmin Oyunlarda iştirak edərək medal kolleksiyama Olimpiya medalını əlavə edim. Hətta həmin vaxtlarda yerli mediada tez-tez yazırdılar ki, «Rəsul Səlimov qayıdır». Lakin alınmadı. Zədə səbəbinə görə karyeramı çox erkən, 23 yaşımda başa vurdum”.
Rəsul Səlimov karyerasını başa vurduğu illərdə ona ən böyük mənəvi dəstəyi qardaşı Nurəddin Səlimov verdi. Qeyd edək ki, Rəsuldan bir yaş kiçik olan Nurəddin də vaxtilə cüdo ilə məşğul olub. Dəfələrlə respublika yarışlarının, həmçinin beynəlxalq turnirlərin qalib və mükafatçısı olan Nurəddin yeniyetmələr arasında bürünc medal qazanmaqla yanaşı, hərbçilərin dünya çempionatının da qızıl medalçısıdır. Qeyd edək ki, böyüklərin yarışında onlar eyni çəki dərəcəsində, 90 kq-da çıxış edirdilər. Həmin vaxtlarda yuxarı çəkilərdə güclü idmançılar az olduğu üçün Rəsul və Nurəddin sparinq-tərəfdaş kimi bir-biri ilə güləşir, bütün yarışlara da elə bir yerdə hazırlaşırdılar.
Hər zaman bir yerdə olan Nurəddin və Rəsul qardaşları artıq bu zədədən sonra sanki idmandan küsmüşdülər. Qardaşının üzləşdiyi uğursuzluğa görə ruhdan düşən Nurəddin də tezliklə karyerasını bitirməyə qərar verir. Beləliklə, Səlimovlar ailəsinin iki üzvü, demək olar ki, məhz eyni vaxtda, karyeralarının ən gözəl çağında peşəkar idmanla vidalaşır.
Peşəkar idman karyerasını erkən bitirən Rəsul bir də 2011-ci ildə tatamiyə qayıdır. Lakin bu dəfə, veteran idmançı kimi... Azərbaycan Cüdo Veteranları Assosiasiyasının Prezidenti, "Cüdo Klub 2012” İctimayi Birliyinin sədri, dəfələrlə veteranlar arasında dünya və Avropa çempionatlarının qalibi və mükafatçısı Azər Əsgərovun dəstəyi və səyi nəticəsində özünə yenidən inanan Rəsulun usta cüdoçuların yarışında ilk sınağı Almaniyanın Frankfurt şəhərində keçirilən dünya çempionatına təsadüf edir. Bu yarışda birinci olan Rəsul, elə həmin ildə Avstriyada təşkil olunan Avropa çempionatının da qalibi adını qazanır. O, növbəti il Mayamidə dünya ikincisi, 2013-cü ildə isə anoloji yarışın qalibi olur. 6 illik fasilədən sonra bu yaxınlarada yenidən veteranların yarışında qızıl medala layiq görülməklə üçüncü çempionluğunu qazanır. Rəsul bu dəfə həmin nailiyyəti Mərakeşdə təşkil olunan usta cüdoçular arasında M-2 kateqoriyası üzrə 90 kq çəki dərəcəsində əldə edir. Gənclik illərində mühüm yarışlarda əsasən qazandığı bürünc medallarla yadda qalan Rəsul artıq usta cüdoçular arasında üçqat dünya çempionudur.
Qazandığı uğurlara baxmayaraq, Rəsul Səlimov həm də təvazökar insandır. Onun haqda mətbuatda demək olar ki, az sayda informasiyaya rast gəlmək olar. Bəlkə də, elə buna görədir ki, bu gün gənc nəslin nümayəndələri qəhrəmanımızı o qədər də yaxından tanımır. Amma bilməyənlər üçün qeyd edək ki, Rəsul bir vaxtlar Pekin-2008 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Mövlud Mirəliyevlə eyni çəki dərəcəsində bir komandanın idman şərəfini qoruyub. Düzü, hazırlıq səviyyəsinə görə Mövluddan geri qalmırdı. Hətta onu bir neçə yarışda üstələmişdi. Kim bilir zədə olmasa idi, bəlkə o da Mövlud Mirəliyev kimi, bir gün Olimpiya mükafatçısı olacaqdı. Lakin alınmadı. Qismət olmadı...
Rəsul Səlimov hazırda Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin inspektoru vəzifəsində çalışır. 2002-ci ildən Gömrük orqanında fəaliyyət göstərən Rəsul çiynində mayor rütbəsini daşıyır.
Rəsul Səlimov ailəlidir, 2 oğlan və 3 qız atasıdır. Peşəkar idmanın böyük çətinliklərini görən veteran cüdoçu övladlarının da onun taleyini yaşamasından qorxur. Lakin hazırda qəhrəmanımızın ən böyük arzularından biri, oğlanları Osman və ya Ömərin onun yolunu davam etdirərək, yarımçıq qalan arzularını gerçəkləşdirməsi və ən əsası Olimpiya zirvəsini fəth etməsidir. Bu təkcə onun deyil, həm də atası Alik Səlimovun ən böyük arzusudur. Biz də öz növbəmizdə inanırıq ki, həmin hadisə bir gün, gerçəkləşəcək. Övladları gələcəkdə atasının əldə edə bilmədiyi uğurları qazanaraq, Rəsul Səlimovun yarımçıq qalan arzularını tamamlayacaq.
Azər Əlizadə