Noyabrın 1-3-də Rusiyanın İjevsk şəhərində 23 yaşınadək cüdoçular arasında Avropa birinciliyi keçirilib. 33 ölkədən 235 idmançının (135 kişi, 100 qadın) mübarizə apardığı mötəbər yarışda Azərbaycan millisi 9 cüdoçu ilə təmsil olunub. Komandamız İjevsk sınağını 1 qızıl və 1 gümüş medalla başa vurub. Qitə birinciliyində ölkəmizə gümüş medalı "Judo Club 2012”nin gənc yetirməsi Nurlan Osmanov qazandırıb. Yarışda 66 kq çəki dərəcəsində qüvvəsini sınayan cüdoçumuz mübarizəyə 1/16 final mərhələsindən başlayıb. Müvafiq olaraq, Belarus, Macarıstan, İsveçrə və İtaliya idmançılarına qalib gələn N.Osmanov finala vəsiqə əldə edib. Klubun istedadlı yetirməsi həlledici qarşılaşmada yerli Rusiya idmançısı Murad Çopanovla üz-üzə gəlib. Cüdoçumuz gərgin mübarizə şəraitində keçən görüşdə rəqibinə məğlub olaraq gümüş medala sahib çıxıb.