Sumqayıt idmançıları VIII ənənəvi beynəlxalq turnirin qalibi oldular

Sumqayıt idmançıları VIII ənənəvi beynəlxalq turnirin qalibi oldular

Sumqayıt Olimpiya İdman Kompleksində ümumilli lider Heydər Əliyevin anım günü ilə bağlı 2006-2008-ci illər təvəllüdlü oğlan və qızlar arasında cüdo üzrə VIII ənənəvi beynəlxalq turnir keçirilib. Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə keçirilən turnirdə Sumqayıt idmançıları ilə yanaşı, Rusiya Federasiyasının Nalçik, Anapa, Ural və Dərbənd şəhərləri, Ukrayna, Moldova və Gürcüstan Respublikasının komandalarının, həmçinin Bakı, Gəncə, Mingəçevir, Abşeron, Şəki, Xızı, Ağdam, Qubadlı, Balakən, Bərdə, Göyçay, Qax, Şamaxı, Siyəzən, Zaqatala, Zərdab, Qəbələ, Qobustan, Şabran, Ağcabədi, Quba şəhər və rayon komandalarının 500-ə yaxın idmançısı birincilik uğrunda mübarizə aparıb. Yarışın açılış mərasimində Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov, Gənclər və İdman Nazirliyinin sektor müdiri Cəbrayıl Həsənov, Azərbaycan Cüdo Federasiyasının Hakimlər Kollegiyasının sədri Mətin Rəhimli və idman ictimaiyyətinin digər nümayəndələri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Teymur Səmədov ümummilli lider Heydər Əliyevin rəhbər olduğu dövrlərdə kütləvi bədən tərbiyəsi və idmanın inkişafına xüsusi diqqət və qayğısından danışıb. O, vurğulayıb ki, ulu öndərin sayəsində Azərbaycan idman ölkəsi kimi beynəlxalq aləmdə tanınıb və Olimpiya Hərəkatına qoşulamsı geniş vüsət alıb.
Çıxışlardan sonra yarışlara start verilib. Gərgin idman mübarizəsi şəraitində davam edən turnirdə ümumkamanda hesabında Sumqayıt idmançıları birinci yerə layiq görülüblər. Rusiya Federasiyasının Ural və Anapa şəhərlərinin komandaları müvafiq olaraq, ikinci və üçüncü yerləri tutublar.
Turnirin qalib və mükafatçıları Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin fəxri fərman, medal və qiymətli hədiyyələri ilə təltif olunublar.