Dünyanın ilk qadın kosmonavtı Valentina Tereşkova 2014-cü ildə Soçidə keçiriləcək XXII Qış Olimpiya Oyunlarının məşəlini daşıyacaq. Bu barədə məlumatı Təşkilat Komitəsinin mətbuat xidməti verib. Qeyd edək ki, Soçi-2014 Olimpiadasının məşəl estafetinə bu ilin oktyabr ayında start veriləcək. Estafetdə 14 min nəfər məşəl aparacaq. Soçi-2014 Təşkilat Komitəsinin verdiyi məlumata görə, məşəl aparanlar arasında 76 yaşlı kosmonavt qadın Valentina Tereşkovadan başqa, idman gimnastikası üzrə 4 qat Olimpiya çempionu Aleksey Nemov, London-2012 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı, akademik avarçəkən Aleksey Çuvaşev və Rusiya millisinin keçmiş hokkeyçisi Andrey Kovalenko da var. Maraqlıdır ki, məşəl estafetinin iştirakçılarından ən gəncinin 14 (Kalmıkiya), ən yaşlısının isə 93 (Volqoqrad) yaşı var.
Qeyd edək ki, Olimpiya məşəli Rusiyanın 2900 yaşayış məntəqəsindən keçəcək və ümumilikdə 65 min km məsafə qət edəcək. Estafet 2014-cü il fevralın 7-də XXII Qış Olimpiadasının açılış mərasimində yekunlaşacaq.