Yanvarın 23-25-də İsrailin paytaxtı Təl-Əvivdə keçiriləcək Qran-Pri turnirində Azərbaycanı 15 cüdoçu təmsil edəcək.
Kişilər arasında Kəramət Hüseynov, Yaşar Nəcəfov (hər ikisi 60 kq), Orxan Səfərov, İbrahim Əliyev (hər ikisi 66 kq), Telman Vəliyev (73 kq), Murad Fətiyev, Hidayət Heydərov (hər ikisi 81 kq), Rüfət İsmayılov (90 kq), Aslan Mirzəyev (100 kq) və Şahin Qəhrəmanov (100 kq-dan yuxarı) mübarizə aparacaqlar. Qadınların yarışında isə ölkəmizin idman şərəfini Aişə Qurbanlı, Leyla Əliyeva (hər ikisi 48 kq), Gültac
Məmmədəliyeva (52 kq), İçinkorloo Münxtsedev və Aleksandra-Larisa Florian (hər ikisi 57 kq) qoruyacaqlar.
Yarışda 92 ölkədən 600-dən çox cüdoçunun iştirakı planlaşdırılır.
Qeyd edək ki, bundan əvvəl keçirilən analoji yarışda komandamız iki medal qazanıb. Belə ki, qadın cüdoçumuz İrina Kindzerska (78 kq-dan yuxarı) bütün rəqiblərini məğlub edərək qızıl medala sahib olub. Komandamızın digər üzvü Məmmədəli Mehdiyev (90 kq) bürünc medala layiq görülüb. Bu nəticə ilə komandamız ümumi hesabda 5-ci olub. Turnirdə ən yüksək nəticəni 4 qızıl, 2 gümüş, 1 bürünc medalla İsrail komandası göstərib.
Mövsümün ilk Qran-prisində 15 cüdoçu yarışacaq