Fövqəladə Hallar Nazirliyinin Hövsanda yerləşən idman kompleksində yeniyetmə cüdoçular arasında keçirilən Azərbaycan birinciliyi davam edir. Yarışın ikinci günündə altı çəki dərəcəsində qaliblər müəyyənləşib. Oğlanlar arasında İslam Rəhimov (50 kq), Vüsal Qələndərzadə (66 kq), Hüseyn Dadaşov (90 kq) bütün rəqiblərinə qalib gələrək Azərbaycan birinciliyinin qalibi olublar. Xumar Qasımzadə (40 kq), Səbinə Qədirova (52 kq) və Emilya Mirzəyeva (70 kq) isə qızlar arasında keçirilən yarışlarda fəxri kürsünün ən yüksək pilləsinə yüksəliblər. Qalib və mükafatçılara diplom, medal və pul mükafatları təqdim olunub.
Xatırladaq ki, Azərbaycan Cüdo Federasiyası, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən yarışa yanvarın 17-də yekun vurulacaq.
Qeyd edək ki, ölkə birinciliyində 74 klubdan 592 cüdoçu (505 oğlan, 87 qız) mübarizə aparır.