
Hollandiyanın Utrext şəhərində keçirilən Avropa Yeniyetmələrinin Olimpiya Festivalında milli komandamıza ilk medalı cüdoçumuz Elnur Abbasov qazandırdı. 50 kq çəki dərəsində çıxış edən yeniyetmə atletimiz bütün rəqiblərinə qalib gələrək, festivalın qızıl medalına sahib oldu.
İdmançımız qələbə sevincini eksklüziv olaraq «Olimpiya dünyası» qəzeti və olimpnews.az saytı ilə bölüşüb.
- Elnur, səni bu qələbə münasibətilə təbrik edirik. Çıxışın barəsində nə deyə bilərsən?
- Çox sağ olun. Çox həyəcanlıyam: qələbə sevincini yaşayıram. Keçirdiyim görüşlərdə güclü rəqiblərlə üz-üzə gəldim. Onların hər biri ilə sona qədər mübarizə aparıb, fəxri kürsünün ən yüksək pilləsinə yüksəldim. Bu, mənim üçün böyük uğurdur. İnanıram ki, Avropa Yeniyetmələrinin Olimpiya Festivalında əldə etdiyim bu uğur gələcək idman karyeramda xüsusi rol oynayacaq. Utrexti hər zaman xoş xatirələrlə yada salacağam.

- Sən milli komandamıza Utrextdə ilk medalı qazandırdın.
- Bunun üçün özümü xoşbəxt hiss edirəm və çox şadam. Bu hiss mənə ikiqat xoşbəxt edir. Düzünü deyim ki, finaldakı rəqibim çox güclü idi. Belçikalı Yorre Vestratenlə görüşüm gərgin və maraqlı keçdi. Lakin hiss etdim ki, bu idmançıya qalib gəlib, birinci olmaq mümkündür. Belə də oldu. Yarışların birinci günü Azərbaycan Milli komandasına qızıl medal qazandırıb, himnimizi səsləndirdim. Bu hər bir idmançı kimi, mənim də böyük arzularımdan biri, bəlkə də birincisidir.
Fürsətdən istifadə edib, qələbəmdə mənə dəstək verən hər bir şəxsə öz minnətdarlığımı bildirirəm.