Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Şahmat Federasiyasının birgə təşkilatçılığı əsasında internet üzərindən keçirilən superblits üzrə birinci Azərbaycan kubokunun qalib və mükafatçıları müəyyənləşib.
106 şahmatçının qeydiyyatdan keçdiyi yarışda 92 şahmatçı mübarizə aparıb. On yeddi turdan ibarət olan birinci Azərbaycan kubokunun qalibi 14 xalla Azərbaycan millisinin üzvü, Avropa çempionu Eltac Səfərli olub. Hərəyə 13,5 xal toplayan milli komandanın üzvləri Rauf Məmmədovla Qədir Hüseynov ikinci və üçüncü yeri tutublar.
Yekun nəticələrə görə, E.Səfərli, R.Məmmədov, Q.Hüseynov da daxil olmaqla, ilk 14 yerin sahibi –Nicat Abasov (13 xal), Aydın Süleymanlı, Ülvi Sadıqlı, Vüqar Rəsulov, Nail Bəşirli, Vüqar Əsədli (11,5 xal), Misrətdin İsgəndərov (11 xal), Məhəmməd Muradlı (10,5 xal), Namiq Quliyev (10,5 xal), Abdulla Qədimbəyli (10,5 xal), Zaur Bayramov (10,5 xal) mükafata layiq görülüblər.
Reqlamentə əsasən qadınlar arasında ən yaxşı nəticə göstərən altı şahmatçı - Gövhər Beydullayeva (9,5 xal), Günay Məmmədzadə (9,5 xal), Gülnar Məmmədova (9 xal), Xəyalə Abdulla (9 xal), Səbinə İbrahimova (9 xal) və Nərmin Xələfova (8,5 xal) pul mükafatı qazanıblar.
16 yaşadək və FİDE əmsalı 2200-dən az olan şahmatçılar arasında ən yaxşı nəticə göstərən Süleyman Süleymanlı (2006-cı il təvəllüdlü, 10 xal), Tunar Davudov (2009-cu il təvəllüdlü, 10 xal), Cahandar Azadəliyev (2010-cu il təvəllüdlü, 9,5 xal) və Şiroğlan Talıbov (2006-cı il təvəllüdlü, 8,5 xal) pul mükafatlarına layiq görülüb.
Qeyd edək ki, yarışın ümumi mükafat fondu 15 min manat təşkil edir. Qalib 3 min manat qazanıb. Qadın iştirakçılar arasında ən yaxşı nəticə göstərən şahmatçı 1000 manat əldə edib.
Turnir “İdman TV” ilə canlı yayımlanıb.
İnternet üzərindən keçirilən Azərbaycan kubokunun qalibi müəyyənləşib