Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş şahmat üzrə onlayn “Beynəlxalq təhsil kuboku”na yekun vurulub. "Təhsil” Respublika İdman Mərkəzindən verilən məlumata görə, Təhsil Nazirliyinin, Milli Məclisin Gənclər və İdman komitəsinin, Azərbaycan Şahmat Federasiyanın dəstəyi, “Təhsil” RİM-in təşkilatçılığı ilə www.chess.com internet portalı üzərindən keçirilmiş beynəlxalq yarış 17 yaşadək şahmatçılar arasında təşkil olunub.
Turnirin keçirilməsində əsas məqsəd ulu öndər Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi, karantin dövründə məktəblilərin asudə vaxtlarının səmərəli təşkili, müasir texnologiyalardan istifadə etməklə şahmatçıların yarış təcrübələrinin artırılmasından ibarət olub.
Dünyanın 43 ölkəsindən 209 şahmatçının mübarizə apardığı yarış gərgin idman mübarizəsi şəraitində keçib. Şahmatçılar rəqiblərin əlavə vasitələrdən istifadə risklərinin aradan qaldırılması məqsədilə oyunlarını 2 kamera qarşısında keçiriblər və rəqiblər bir-birini görmək imkanı əldə edib.
Turnirdə oğlanlar arasında ən yüksək nəticə qazanan Hindistan şahmatçısı Arjun Eriqaisi qalib olub. Özbəkistan təmsilçisi Nodirbek Abusattarov və hindistanlı Raunak Sadvani ikinci və üçüncü yerlərə layiq görülüblər.
Güclü rəqibləri qarşısında əzmkar mübarizə aparan Azərbaycan şahmatçıları mükafatçılar sırasına düşməyi bacarıblar. Belə ki, şahmatçımız Xəzər Babazadə 4-cü, Vüqar Manafov isə 5-ci olub. Təmsilçilərimizdən Əhməd Əhmədzadə ümumi hesabda 8-ci, Aydın Süleymanlı isə 12-ci yeri tutub.
Sevindirici haldır ki, qızlar arasında ilk iki yerin sahibi Azərbaycan şahmatçıları olublar. Belə ki, Mələk İsmayıl və Gövhər Beydullayeva eyni xal və əmsalla 1-2-ci yerləri bölüşüblər. Üçüncü yerə isə Qazaxıstan şahmatçısı Assel Lezbekova layiq görülüb.
On iki yaşadək şahmatçılar arasında ən yaxşı nəticəni ukraynalı Tixon Çerniyayev göstərib və bu nominasiyanın qalibi olub. Azərbaycanlı şahmatçı Rüstəm Rüstəmov ikinci, ukraynalı İhor Samunenkov üçüncü yeri tutub.
Qaliblər “Təhsil” Respublika İdman Mərkəzinin müvafiq dərəcəli diplomları və pul mükafatları ilə mükafatlandırılacaqlar.
Zəka sahibləri “Beynəlxalq təhsil kuboku”nda yarışıblar