ABŞ-ın peşəkar boksçuları Evander Holifild və Mayk Tayson arasında ağır çəkidə üçüncü döyüşün keçirilməsinə dair danışıqlar aparılır.
Bu barədə Holifild "The 3 Point Conversion" YouTube kanalına müsahibəsində bildirib. 57 yaşlı idmançı hələlik qəti razılığa gəlinmədiyini, amma hər şeyin irəlidə olduğunu əlavə edib.
Mayın 7-də Holifild xeyriyyə məqsədilə rinqə qayıdacağını açıqlayıb. Daha əvvəl isə 53 yaşlı Tayson da analoji istəyini ifadə edib. O, məşqdən görüntülərini də paylaşıb.
Boksçular arasında əvvəlki görüşlərin hər ikisi Holifildin qələbəsi ilə yekunlaşıb. 1997-ci ildə təşkil olunmuş revanş döyüşündə Tayson Holifildin qulağını dişləyərək, bir hissəsini qoparıb. Həmin görüş davam etdirilməyib. Tayson diskvalifikasiya olunub və 3 milyon dollar cərimələnib.
Qeyd edək ki, Evander Holifild sonuncu döyüşünü 2011-ci ildə keçirib. Onun hesabında 44 qələbə və 10 məğlubiyyət var. Daha 2 görüş isə heç-heçə ilə yekunlaşıb.
“Dəmir Mayk” ləqəbli M.Tayson isə peşəkar karyerasını 2005-ci ildə bitirib. O, karyerası ərzində 58 döyüş keçirib, onların 50-də qələbə (44-ü nokautla) qazanıb, 6-dan məğlub ayrılıb.