"İstəmirəm ki, uşağım belə xaosda doğulsun"

"İstəmirəm ki, uşağım belə xaosda doğulsun"

Formula 1-in fəxri prezidenti və keçmiş sahibi Berni Ekklstoun hamilə həyat yoldaşı Fabiana Flozi ilə birgə son zamanlar yaşadığı Braziliyanı tərk edib.

Bu barədə 89 yaşlı milyarderin özü "Blick" nəşrinə açıqlama verib. O, koronavirus pandemiyasını səbəb göstərib: "Biz İsveçrənin Qştad kəndində dayandıq. Çünki Braziliyanın San-Paulu şəhəri birdən-birə koronavirus ocağına çevrilib. Küçələrdə meyitlər uzanıb, xəstəxanalar sadəcə doludur. Ştatın prezidenti şokdadır. O, hələ indi anlayıb ki, vəziyyət nə dərəcədə ciddidir. İstəmirəm ki, uşağım belə xaosda doğulsun. İsveçrədə tam sakitlikdir".

Ekklstounun 41 yaşlı həyat yoldaşı Fabianadan iyulda oğlu dünyaya gələcək. Hazırda iş adamının 3 qızı var. Onlardan kiçiyi Petra 32, ortancılı Tamara 36, böyüyü Debore 65 yaşındadır. Milyarder 2012-ci ildə ailə qurduğu Fabiana ilə Braziliyanın San-Paulu şəhəri yaxınlığındakı kofe plantasiyasında qalırdı.

Qeyd edək ki, Berni Ekklstoun Formula 1-dəki işlərindən 2017-ci ildə ayrılıb. Hazırda dünya çempionatına tam nəzarət hüququ "Liberty Media"ya məxsusdur.​ ​