Hazırkı dünya çempionu norveçli Maqnus Karlsenin təşkil etdiyi və onlayn qaydada keçirilən rapid üzrə “Lindores Abbey Rapid Challange” turniri başa çatıb.
Mükafat fondu 150 min ABŞ dolları olan yarışda 11 turdan 7,5 xal toplayan amerikalı Hikaru Nakamura birinci yeri tutub. Rusiya təmsilçisi Sergey Karyakin ikinci yerdə qərarlaşıb. Hərəyə 6 xal toplayan Yanqyi Yu (Çin), Uesli So (ABŞ), Maqnus Karlsen və Liren Dinq (Çin) 3-6-cı yerləri bölüşüblər.
Qeyd edək ki, M.Karlsenin təşkilatçılığı ilə keçirilən yarış seriya turnirinin ikinci mərhələsidir. Bundan əvvəl, dünya çempionunun dəvəti ilə şahmatçılar mükafat fondu 250 min ABŞ dolları olan “Magnus Carlsen Invitational” turnirində güclərini sınamışdılar. Turnirin finalında H.Nakamuranı məğlub edən M.Karlsen qalib adını qazanmışdı.
Seriyanın üçüncü mərhələsi - “Online Chess Masters” iyunun 20-dən iyulun 5-dək, dördüncü mərhələsi (Legends of Chess) iyulun 21-dən avqustun 5-dək təşkil ediləcək.
Avqustun 9-dan 20-dək isə böyük final keçiriləcək.
Beş yarışdan ibarət seriya turnirinin ümumi mükafat fondu bir milyon ABŞ dollarıdır.