Gənclər və İdman Nazirliyinin, Azərbaycan və Gürcüstan Şahmat federasiyalarının, eləcə də SOCAR-ın təşkilatçılığı ilə onlayn qaydada keçirilən beynəlxalq “İpək yolu kuboku” turnirinin ilk 7 turunun oyunları keçirilib.
Koronavirus pandemiyası günlərində internet üzərində təşkil olunan yarış bir sıra gözlənilməz nəticələrlə yadda qalıb. Favoritlər liderlik uğrunda yarışda çətin anlar yaşayıblar. Gənc şahmatçılar isə iddialılara layiqli müqavimətlə diqqəti cəlb ediblər.
Yeddi turdan sonra iki şahmatçı hamıdan çox – 5,5 xal toplayıb. Azərbaycan şahmatçısı Nicat Abasov 54 şahmatçının yarışdığı turnirdə birinci pilləyə yüksəlib. Onunla eyni xala malik gürcü Bahadur Cobava ikinci sıradadır. Hərəyə 5 xal toplayan Qədir Hüseynovla (Azərbaycan) Levan Pantsulaya (Gürcüstan) müvafiq olaraq, 3-4-cü yerləri bölüşürlər. Liderləri ən yaxın izləyicilərdən 0,5 xal ayırır. Səkkiz şahmatçı 5, yeddi şahmatçı isə 4.5 xal topladığından “İpək yolu kuboku”nda əsas mübarizənin ikinci yarış günündə olacağı gözlənilir.
Yarışın reytinq favoriti Azərbaycan yığmasının lideri Şəhriyar Məmmədyarov 7 turdan 5 xal toplamaqla 9-cu pillədə qərarlaşıb. Azərbaycan yığmasının digər üzvü Rauf Məmmədov isə 5 xalla əlavə göstəricilərə görə 4-cü sıradadır. Eyni xala malik Gürcüstan təmsilçisi İvan Çeparinov 7-ci yeri tutur.
On altı yaşlı iştirakçılar arasında 7 turdan sonra ən yaxşı nəticə şahmatçılarımız Xəzər Babazadəyə (5 xal, 10-cu yer) və Aydın Süleymanlıya (4,5 xal; 11-ci yer) məxsusdur. Qadınlar arasında ən yüksək nəticəni 7 oyundan 4.5 xal toplayan Nana Dzagnidze əldə edib. Gürcüstan şahmatçısı 13-ci pillədə qərarlaşıb.