“Artıq bir neçə gündür ki, cüdo üzrə yığma komandamız məşqlərə start verib. Operativ Qərargahın qoyduğu tələblərə uğyun olaraq məşqlər açıq hava şəraitində - Respublika Stadionunda keçirilir. Federasiya rəhbərliyi tərəfindən idmançılara məşqlərdə karantin qaydalarına əməl olunması ilə bağlı təlimatlar verilib”.
Bu sözləri “Olimpiya dünyası” qəzetinə açıqlamasında Azərbaycan Cüdo Federasiyasının baş katibi Elmar Babanlı deyib.
O bildirib ki, yaxın günlərdə yığma komandanın Olimpiya İdman komplekslərindən birində məşq etməsi üçün Gənclər və İdman Nazirliyinə müraciət olunacaq.
“Hazırda məşqlər açıq havada keçirilir. Məşq zamanı karantin qaydalarına tam əməl olunur, sosial məsafə prinsipi gözlənilir. Federasiya tərəfindən bu qaydaların əməl olunmasına nəzarət edilir. Beynəlxalq Cüdo Federasiyası (İJF) da digər ölkələrin federasiyasına olduğu kimi, Azərbaycana da müəyyən tövsiyyələrini edib. Məşqlər beynəlxalq qurumun tövsiyyələrinə əsasən, kiçik qruplar üzrə keçirilir. Çalışırıq ki, idmançılarımızın sağlamlığını qoruyaq. Bir sözlə federasiya olaraq koronavirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması istiqamətində verilən qərarlara uyğun olaraq karantin rejiminin tələblərinə tam əməl edirik”, - deyə Elmar Babanlı qeyd edib.
Federasiya rəsmisi həmçinin yarışlarla bağlı da məlumat verib. O bildirib ki, Beynəlxalq Federasiyanın qərarından sonra İJF-nin təqvimində də bir sıra yarışların tarixində dəyişiklik olunub.
“Hazırda ən yaxın yarışın müddəti sentyabr ayına təsadüf edir. Bu yarış idmançılarımızın da iştirakı ilə keçirilməsi gözlənilən Avropa kubokudur. Fikrimcə, həmin turnir idmançıların fiziki hazırlığını yoxlamaq üçün bir fürsət olacaq. Böyüklər arasında Avropa çempionatının isə noyabr ayında keçirilməsi gözlənilir. Təbii ki, burada mövcud vəziyyət də nəzərə alınacaq. Bildiyiniz kimi, may ayında paytaxtımızda keçirilməsi planlaşdırılan Tokio Olimpiadasına lisenziya xarakterli “Böyük Dəbilqə” turniri də təxirə salınıb. Federasiyamızdan bu barədə İJF-ə bildirilib ki, həmin turnirin vaxtını dəyişib, ilin sonunadək təşkil edə bilərik. Beynəlxalq qurum isə hələ ki, təxirə salınmış yarışların yeni tarixlərini müəyyən etməyib. Əgər yarışların təqvimi ilə bağlı hər hansısa bir dəyişiklik olunarsa, İJF tərəfindən məlumat veriləcək. O ki qaldı ölkədaxili yarışlara, biz karantin rejiminə qədər müxtəlif yaş qrupları üzrə Bakı, Azərbaycan birinciliyi və çempionatlarını təşkil etdik. Əgər qapalı məkanlarda yarışların keçirilməsinə rəsmi icazə verilərsə, payız aylarında U-15 yeniyetmələr və U-23 gənclər arasında Azərbaycan çempionatı təşkil olunacaq”, - deyə federasiyanın baş katibi əlavə edib.
Azər Əlizadə