Şahmat olimpiadası yekunlaşdı

Şahmat olimpiadası yekunlaşdı


Respublikamız bir sıra mötəbər idman tədbirlərinə ev sahibliyi edir. Təsadüfi deyil ki, müxtlif idman növləri üzrə beynəlxalq turnirlər ölkəmizin paytaxtında, hətta bölgələrimizdə yüksək səviyyədə keçirilib. Azərbaycan yeganə dövlətdir ki, ayrı-ayrı idman növlərinin inkişafı ilə bağlı Dövlət Proqramı hazırlanıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsi Dövlət Proqramı”na dair Sərəncamı buna nümunədir.
Ölkəmizdə hər il ən azı 3-4 rayonda müasir standartlara cavab verən şahmat məktəbi tikilib istifadəyə verilir. Həmin məktəblərə də çoxlu sayda uşaqlar cəlb olunur. İstifadəyə verilən bu məktəblər ölkəmizdə şahmatın gələcəyi üçün böyük rol oynayır. Bundan başqa, respublikamızda bir sıra şahmat yarışları təşkil olunur, ənənəvi şahmat olimpiadaları keçirilir.

İyulun 13-də Balakən Olimpiya İdman kompleksində 16 yaşınadək yeniyetmə və gənclərin respublika Şahmat Olimpiadasının rəsmi açılış mərasimi keçirilib. Açılışda Balakən rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, İcra Hakimiyyəti başçısının müavini Nəzakət Rüstəmova, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti, beynəlxalq dərəcəli hakim Faiq Həsənov, Gənclər və İdman Nazirliyinin məsul işçisi, beynəlxalq dərəcəli hakim Lütfiyar Rüstəmov, Balakən Rayon Gənclər və İdman İdarəsinin rəisi Rasim Paçalov, Təhsil Nazirliyinin məsul işçisi, Azərbaycan Şahmat Federasiyasının baş katibi, beynəlxalq dərəcəli hakim İbrahim Məmmədov, olimpiadanın baş hakimi, FİDE hakimi Qüdrət İsmayılov, Balakən rayon şahmat məktəbinin direktoru Vaqif Ocaqverdiyev və digər şəxslər iştirak ediblər. Mərasimdə çıxış edənlər şahmatçılara uğurlar arzulayıblar.
Balakəndə keçirilən bu olimpiada ən uzunmüddətli olimpiada olub. 11 turdan ibarət yarış 11 gün davam edib.
Balakən olimpiadasında rekord sayda iştirakçı - 496 nəfər (99 qız) mübarizə aparıb. Qeyd edək ki, 2010-cu ilə Zaqatala rayonunda keçirilən olimpiadada 360-dan bir qədər artıq, 2011-ci ildə İsmayıllıda təşkil olunan olimpiadada 430, ötən il Qusarda keçirilən analoji yarışda isə 480-ə yaxın şahmatçı mübarizə aparmışdı.
Balakəndə respublikanın 54 şəhər və rayonundan olan idmançılar şəxsi və komanda şəklində iştirak ediblər. Bakının RİOEUGŞM ("Təhsil” RİM), "Neftçi” İSM, "Sərhədçi” İOM, RŞK, HRŞDK, 1 saylı İOEUGŞDİM, 2 saylı UGŞİM, 3 saylı UGŞİM, 16 saylı UGİM və digər təşkilatlarını təmsil edən 192 zəka sahibi Balakəndə mübarizə aparıblar.
Olimpiada keçirilən müddətdə - 17 iyul tarixində Şahmat Federasiyası tərəfindən 129 nəfər idmançı arasında şahmat məsələlərinin həlli üzrə yarış təşkil olunub. Beynəlxalq dərəcəli hakim İlham Əliyev tərəfindən keçirilən bu yarışda oğlanlar və qızlar 12-16 yaş qrupları üzrə yarışıblar.

Olimpiada keçirilən müddətdə - iyulun 20-də Beynəlxalq Şahmat Gününə həsr olunmuş blits turniri keçirilib. 7 turdan ibarət yarışda 206 şahmatçı iştirak edib. 7 oyundan 7 xal toplayan Bakı şahmatçısı Elşad Abdullayev turnirin qalibi olub. 8 yaşlılar qrupunda Xəzər Babazadə (Biləsuvar), 10 yaşlılar qrupunda Sadiq Məmmədov (Naxçıvan), 12 yaşlılar qrupunda Fərid Aslanov (Sumqayıt), 14 yaşlılar qrupunda Qulam Məmmədov (Bakı), qadınlar qrupunda Təranə Səidova (Gəncə) 1-ci yerin sahibi olublar.
Həmin gün iştirakçıların yaddaşında daha bir əlamətdar gün kimi qalıb. Belə ki, Pekində keçirilən FİDE-nin Qran-pri turnirinin 5-ci mərhələsində 11 oyundan 7 xal toplayaraq qalib olan həmyerlimiz Şəhriyar Məmmədyarov Balakən rayonuna gələrək, bu əziz bayram gününü çoxsaylı şahmatçılarla birgə qeyd edib.
Bildiyiniz kimi, Bakı şəhərində 2015-ci ildə şahmat üzrə dünya kuboku, 2016-cı ildə şahmat üzrə dünya olimpiadası keçiriləcək.
Bu yarışların idarə olunması ilə bağlı yerli hakimlərin beynəlxalq dərəcəli adlar alması FİDE-nin əsas şərtlərindən biridir. Bununla əlaqədar, ilk dəfə iyulun 20-22-də Balakən rayonunda FİDE-nin mühazirəçisi beynəlxalq dərəcəli hakim Faiq Həsənov tərəfindən 27 nəfər yerli hakimlər üçün beynəlxalq seminar keçirilib. Həmin seminarın təşkili haqqında FİDE-nin saytında məlumat verilib.
Balakən olimpiadasında 10-dan artıq Avropa, dünya birincilikləri və Avropa kubokunun mükafatçıları iştirak ediblər. Bu yarışda Naxçıvan şahmatçıları yüksək nəticələr qazanıblar.
İyulun 23-də şahmat olimpiadası sona çatıb. Bağlanış mərasimində yarışların baş hakimi, FİDE hakimi Qüdrət İsmayılov turnir haqqında geniş hesabat verdikdən sonra rəsmi qonaqlar çıxış ediblər.
Balakən Rayon İcra Hakimiyyəti başçısının müavini Nəzakət Rüstəmova, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti, beynəlxalq dərəcəli hakim Faiq Həsənov qalibləri təbrik edib, şahmatçılara uğurlar arzulayıblar.
Qeyd edək ki, 16 yaşınadək yeniyetmə və gənclər arasında şahmat olimpiadası 2 qrup - "A” (1997-2000-ci illər təvəllüdlü idmançılar) və "B” (2001-ci illər təvəllüdlü və ondan kiçik yaşlı uşaqlar) qrupları üzrə keçirilib. Yekun nəticələrə əsasən şəxsi hesabda "A” qrupunda 16 yaşınadək oğlanlar arasında I yeri 10 xalla Elxan Bayramov (Bakı, 1 saylı İOEUGŞDİM), 16 yaşınadək qızlar arasında isə 8,5 xalla Aytən Əmrayeva (Bakı, RİOEUGŞM, "Təhsil” RİM) tutub. 14 yaşınadək oğlanların mübarizəsində Pərviz Qasımov (8 xal, Naxçıvan, UGŞİM), 14 yaşınadək qızların yarışında isə Nərmin Kərimzadə (7 xal, Bakı, RİOEUGŞM, "Təhsil” RİM) I yerə layiq görülüblər.
"B” qrupunda 12 yaşınadək oğlanlar arasında 9,5 xal toplayan Murad İbrahimli (Sumqayıt) I olub. 12 yaşınadək qızların yarışında I yerə 8,5 xal toplayan Nigar Mustafazadə (Bakı, RİOEUGŞM, "Təhsil” RİM) layiq görülüb. 10 yaşınadək oğlanlar arasında I yeri 9 xalla Sadiq Məmmədov (Naxçıvan, UGŞİM) tutub. 10 yaşınadək qızların mübarizəsi Gövhər Beydullayevanın (8,5 xal, Bakı, HRŞDK) qələbəsi ilə başa çatıb. 8 yaşınadək oğlanlar arasında I yeri 8 xalla Aydın Süleymanlı (Bakı, RİOEUGŞM, "Təhsil” RİM) tutub. 8 yaşınadək qızların yarışında isə 7,5 xal toplayan Ayan Allahverdiyeva (Bakı, 1 saylı İOEUGŞDİM) bütün rəqiblərini üstələyib. Komanda hesabında "A” qrupunda I yeri RİOEUGŞM (Bakı, "Təhsil” RİM, 33 xal, əmsal 314) tutub. "B” qrupunda isə komanda hesabında Sumqayıt şahmatçıları (33,5 xal, əmsal 321) fərqləniblər. Qaliblər Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Şahmat Federasiyası tərəfindən müvafiq dərəcəli diplomlar, medallar, xatirə hədiyyələri, pul mükafatları və kuboklarla təltif ediliblər.
Salman Əbdülov

Qaliblər
12 yaş (oğlanlar)
1. Sadiq Ağayev (Bakı), 32,5 xal (72 dəq)
2. Fərid Aslanov (Sumqayıt), 29 xal (78 dəq)
3. Kamal Qocayev (Bakı), 28,5 xal (90 dəq)

16 yaş (oğlanlar)
1. Miradil Zeynallı (Bakı), 32,5 xal (35 dəq)
2.Ceyhun Hüseynzadə (Sumqayıt), 32,5 xal (75 dəq)
3. Zaur Bayramov (Sumqayıt), 31,5 xal (78 dəq)

12 yaş (qızlar)
1. Nigar Mustafazadə (Bakı), 15,5 xal (83 dəq)
2. Gövhər Beydullayeva (Bakı), 15,5 xal (90 dəq)
3. Ayan Allahverdiyeva (Bakı), 15 xal (74 dəq)

16 yaş (qızlar)
1. Ləman Məmmədova (Bakı), 24,5 xal (79 dəq)
2. Aytən Əmrayeva (Bakı), 23,5 xal (78 dəq)
3. Nərmin Kazımzadə (Bakı), 19,5 xal (73 dəq)