Gimnastlarımız onlayn yarışda ştirak edəcəklər

Gimnastlarımız onlayn yarışda ştirak edəcəklər

Karantin günlərinin davam etdiyi və yarışların keçirilmədiyi bir dövrdə Azərbaycanın və İsrailin bədii gimnastika üzrə yığma komandaları birgə onlayn yarış təşkil etmək barədə razılığa gəliblər.
Bu gün - iyunun 18-də baş tutacaq yarışın təşkilində məqsəd hazırda turnirlərin keçirilmədiyi bir zamanda gimnastların yenidən yarış əhval-ruhiyyəsini hiss etmələri, maraqlı zaman keçirərək əylənmələri, eləcə də iki ölkənin komandaları arasında əməkdaşlığın və dostluğun möhkəmləndirilməsidir.
“Battle” adlanan yarışda hər iki ölkənin “Tokio-2020” Yay Olimpiya Oyunlarına lisenziya qazanmış komandaları iştirak edəcək. Hər iki tərəfdən bir komanda yarış zamanı gücünü sınayacaq.
Azərbaycan komandası milli şirniyyatımızın şərəfinə “Paxlava” adlandırılıb. İsrail komandası isə bu ölkənin məşhur qəlyanaltısının şərəfinə “Bamba” adı ilə yarışa qatılacaq.
Yarış zamanı gimnastlar bir neçə estafet oyununda iştirak edəcəklər. Oyunlararası zamanda isə komandaların üzvləri bədii gimnastika alətləri ilə müxtəlif tapşırıqlar nümayiş etdirəcəklər. Yarışın sonunda komandalara bədii gimnastikaya aid 10 sual veriləcək və onlar 2 dəqiqə ərzində sualları cavablandırmalı olacaqlar. Qalib komandanı maraqlı sürpriz gözləyir.
Əslində isə bu yarışda “qalib” sözü rəmzi xarakter daşıyır. Burada hər kəs qalib hesab ediləcək. Çünki yarışın məqsədi həm iki ölkə gimnastlarına, həm də izləyənlərə xoş əhval-ruhiyyə yaşatmaqdır.
Bədii gimnastların çox maraqlı olacaq ilk karantin yarışı Bakı vaxtı ilə saat 17:00-da start götürəcək. Yarışı Azərbaycan Gimnastika Federasiyasının həm “Facebook”, həm də “YouTube” səhifələrində canlı yayımlanacaq.