Formula 1 yarışlarında daha 3 Qran-pri ləğv oluna bilər. Bu barədə "Mercedes"in icraçı direktoru Toto Volf jurnalistlərə açıqlamasında bildirib. O, Amerika qitəsindəki bəzi yarışların ləğv oluna biləcəyini vurğulayıb.
Volf oktyabr - noyabr üçün planlaşdırılan ABŞ, Meksika və Braziliyadakı yarışların təhlükə altında olduğunu söyləyib: "Hazırda bu ölkələrə gedə bilmərik. Formula 1-in icraçı direktoru Çeyz Keri heç bir qapını bağlamaq istəmir. Ancaq düşünürəm ki, həmin ölkələrə getməyəcəyik".
Qeyd edək ki, Formula 1-də yeni mövsüm Avstriya Qran-prisi ilə bərpa olunub. Buradakı yarış iyulun 5-də başa çatacaq.
Formula 1-də ilk 8 Qran-prinin təqvimi məlumdur. Avstriyadan sonra Macarıstan (17 - 19 iyul), Böyük Britaniya (31 iyul - 2 avqust, 7 - 9 avqust), İspaniya (14 - 16 avqust), Belçika (28 - 30 avqust), İtaliya (4 - 6 sentyabr) Qran-priləri baş tutacaq. Bütün yarışlar azarkeşsiz keçiriləcək.
İndiyədək Bəhreyn, Vyetnam, Çin, İspaniya və Kanada Qran-priləri təxirə salınıb, Avstraliya, Monako, Niderland, Fransa, Azərbaycan, Sinqapur və Yaponiya mərhələləri isə ləğv olunub.