Dünya Güləş Birliyi (UWW) ilin sonunadək keçirilməsi planlaşdırılan dünya və Avropa çempionatlarının yeni təqvimini açıqlayıb. Azərbaycan Güləş Federasiyasından verilən xəbərə görə, yeniyetmələr arasında Avropa çempionatının oktyabrın 5-dən 11-dək Polşada, gənclərin Avropa çempionatının oktyabrın 19-dan 25-dək Şimali Makedoniyada, U-23 dünya çempionatının isə noyabrın 23-dən 29-dək Finlandiyada keçirilməsi planlaşdırılır. 23 yaşadək güləşçilərin dünya çempionatını təşkil etmək mümkün olmasa, həmin tarixlərdə bu yaş qrupu üzrə qitə birinciliyinin keçirilməsi nəzərdə tutulub.
UWW mövcud şəraiti nəzərə alaraq gənclər və böyüklər arasında dünya çempionatının eyni məkanda baş tutmasını məqsədəuyğun sayır. Plana əsasən, gənclər arasında dünya çempionatı dekabrın 4-dən 10-dək, böyüklər arasında analoji yarış isə dekabrın 12-dən 20-dək Serbiyanın paytaxtı Belqradda keçiriləcək.
Ancaq bu yarışların göstərilən tarixlərdə və məkanlarda keçirilməsi üçün müəyyən şərtlər var. Dünyanın 10 ən yüksək reytinqə malik komandasından minimum 8-nin və ölkələrin 70 faizinin iştirakı vacibdir.
UWW bəyan edib ki, Ümumdünya Səhiyyə Təşkilatı və Beynəlxalq Olimpiya Komitəsinin Tibb departamenti ilə sıx əməkdaşlığını davam etdirəcək və yarışlarla bağlı fəaliyyətini buna uyğun quracaq. Avqustda UWW-nin İcraiyyə Komitəsinin növbəti onlayn iclası keçiriləcək. Həmin tədbirdə yarışların təqvimi təsdiqlənəcək.
UWW-nin prezidenti Nenad Laloviçin ali qurumun rəsmi saytına verdiyi açıqlamada deyib: “UWW yarışları keçirməyə sadiq qalan təşkilatçı ölkələrə təşəkkürünü bildirir. Hər gün dəyişən şəraitə uyğunlaşmaqda göstərdikləri dəstəyə və çevikliyə görə bütün güləş ictimaiyyətinə minnətdarıq. Biz birlikdə xalça üzərində və ondan kənarda uğur qazanacağıq".