Paytaxtımız Avropa çempionatına ev sahibliyi edəcək

Paytaxtımız Avropa çempionatına ev sahibliyi edəcək

 ​Dekabrda Milli Gimnastika Arenası daha bir qitə birinciliyinə ev sahibliyi edəcək. Kişi idman gimnastlarının yarışından dərhal sonra bu dəfə arena öz qapılarını qadın idman gimnastları üçün açacaq. Azərbaycan Gimnastika Federasiyasından verilən xəbər görə qadın idman gimnastikası üzrə 33-cü Avropa çempionatının dekabrın 17-20-də keçirilməsi planlaşdırılır.

Qadınların qitə birinciliyinin daha öncə aprelin 30-dan mayın 3-dək Parisdə (Fransa) keçirilməsi nəzərdə tutulmuşdu. Lakin, bütün dünyada yayılmış COVID-19 pandemiyası ilə əlaqədar olaraq bu yarış da təxirə salındı. Fransa Gimnastika Federasiyası isə çempionatı daha sonrakı tarixlərdə təşkil edə bilməyəcəyini bildirdi.
Bundan sonra Azərbaycan Gimnastika Federasiyasının istəyi əsasında “Avropa Gimnastikası” yarışın Bakıda keçirilməsinə qərar verdi.
Çempionatların yeni tarixi ilə bağlı “Avropa Gimnastikası”nın prezidenti Fərid Qayıbov qeyd edib ki, bu qərarlar milli federasiyalardan verilən məlumatlar və Avropadakı hazırkı vəziyyətlə əlaqədar qəbul edilib. “Hazırda biz yarışların bu ilin payız aylarında təşkil edilə biləcəyini düşünürük. Lakin, “Avropa Gimnastikası” qarşıdakı aylarda da vəziyyətin təhlilini davam etdirəcək. Əgər vəziyyət sonrakı mərhələdə artıq kifayət qədər təhlükəsiz hesab olunmazsa, biz müvafiq addımı atacağıq. Gimnastlar, məşqçilər, tamaşaçıların sağlamlığı bizim əsas qayğımız olaraq qalır.”
Yarışın formatı planlaşdırıldığı kimi qalacaq və Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyacaq. Belə ki, çempionat Tokio-2020-yə hələ vəsiqə qazanmamış bəzi gimnastlar üçün lisenziya əldə etmək şansı verəcək.
Qeyd edək ki, kişi idman gimnastikası üzrə Avropa çempionatı isə dekabrın 9-13-də keçiriləcək.