Almaniyanın paytaxtı Berlin şəhərində gənc cüdoçular arasında keçirilən Avropa kubokuna yekun vurulub. Yarışa 21 idmançı ilə yollanan təmsilçilərimiz vətənə 3 medalla qayıdıblar. Komandamızın heyətində bütün rəqiblərinə qalib gələn Mehman Sadıqov (55 kq) çempion adına yiyələnib. "Qəbələ" idman klubunun yetirməsi olan cüdoçumuz finaladək inamla irəliləyib. Həlledici görüşdə Macarıstan cüdoçusu Akos Barta ilə qarşılaşan idmançımız rəqibini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Digər cüdoçuularımızdan Oruc Vəlizadə (60 kq) və Məmmədəli Mehdiyev (81 kq) bürünc medalla kifayətlənib.
Turnirin ilk günündə mübarizəyə qoşulan "Qəbələ" idmançılarından Aişə Qurbanlı medalçılar sırasına düşmək şansını son anda əldən verib. Yarımfinalda məğlub olan cüdoçumuz yarışı beşinci sırada tamamlayıb. Qeyd edək ki, yığmamız bu nəticə ilə komanda hesabında 24 ölkə arasında 8-ci yeri tutub.