Xanlar Kazım oğlu Qurbanov 20 yanvar 1950-ci ildə Bakı şəhərində anadan olub. 1968-ci ildə orta məktəbi bitirib, həmin ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutuna daxil olub. 1970-ci ildə sərbəst güləş üzrə idman ustası dərəcəsi almışdır. 1972-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirmişdir. 1977-ci ildə "Güləşmə və onun metodikası” kafedrasının baş müəllimi təyin olunmuşdur. 1982-ci ildə Ümumittifaq dərəcəli hakim adına layiq görülmüşdür. Daha sonra 1986-cı ildə Ümumittifaq Bədən Tərbiyəsi Elmi – Tədqiqat İnstitutunda (ÜBTETİ) – Moskvada dissertasiya müdafiə edərək pedaqoji elmlər namizədi adını almışdır. 1988-ci ildə isə dosent dərəcəsinə yüksəlmişdir. 1988-ci ildə məşqçilik fakültəsinin dekan müavini təyin olunmuşdur. 1989-cu ildə "Güləşmə və onun metodikası” kafedrasının müdiri olmuşdur. 1990-cı ildə Azərbaycan Milli İdman Növləri Assosiasiyasının prezidenti, Milli Olimpiya Komitəsinin üzvü, Azərbaycan Güləş Federasiyasının (AGF) üzvü seçilmişdir. 1991-ci ildə Azərbaycan Respublikasının Əməkdar məşqçisi adına layiq görülmüşdür. 1993-cü ildə Beynəlxalq Güləş Federasiyasının (FİLA) elmi komissiyasının üzvü seçilmiş, 1994-cü ildə professor dərəcəsinə yüksəlmişdir. 1994-2007-ci illərdə AGİF-in icraiyyə komitəsinin üzvü olmuşdur. Daha sonra 1995-2003-cü illərdə sərbəst güləş üzrə qadınlardan ibarət Azərbaycan yığma komandasının baş məşqçisi işləmişdir. 1996-cı ildə Olimpiya Akademiyasının vitse-prezidenti seçilmişdir. 2001-ci ildə "Tərəqqi” medalı ilə təltif olunmuşdur. 2001-ci ildə Yeni Azərbaycan Partiyasının (YAP) üzvü olmuş, 2003-cü ildə XXI əsr Azərbaycan ziyalısı, 2006-cı ildə FİLA-nın Beynəlxalq Dərəcəli Hakimi olmuşdur. "Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi" fəxri adına layiq görülmüşdür. 2007-ci ildən Azərbaycan Zorxana İdman Federasiyasının (AZİF) prezidenti kimi fəaliyyətini davam etdirmişdir. Həmin ildə Beynəlxalq Zorxana İdman Federasiyasının (BZİF) beynəlxalq dərəcəli hakimi təyin olunmuşdur. 2008-ci ildə Texniki Komissiyanın üzvü (BZİF) seçilən Xanlar Qurbanov həmin ildə Avropa Zorxana İdman Konfederasiyasının (BZİF) vitse-prezidenti, texniki komissiyanın sədri seçilmişdir. Xanlar Qurbanov 200-dən çox elmi məqalənin, dərsliklərin, dərs vəsaitlərinin, metodiki vəsaitlərin müəllifidir.
Xanlar Qurbanov Azərbaycan Dövlət Bədən Tərbiyəsi İdman Akademiyasının "İdmanın təkmübarizlik növləri” kafedrasının müdiri vəzifəsində çalışırdı. Allah rəhmət eləsin!
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Haçıyev və ADBTİA-nın kollektivi
Qurbanov Xanlar Kazım oğlunun
vəfatından kədərləndiklərini bildirir və mərhumun ailə üzvlərinə dərin hüznlə başsağlığı verirlər.
Allah rəhmət eləsin!