Soçi-2014 Qış Olimpiya Oyunlarının məşəlini daşıyanlar arasında Udmurtiyanın məşhur "Buranovlu nənələr” ansamblının 74 yaşlı üzvü Qalina Koneva da yer alacaq. Ansamblın mətbuat katibi Svetlana Sırıgina deyib ki, Koneva gəncliyində idmanla məşğul olub. Belə ki, o, xizəksürmə və atletika üzrə birinci dərəcəyə malikdir. "Ansamblın bütün üzvləri məşəl estafetində iştirak etməyə dəvət olunmuşdu. Lakin onlardan yalnız Qalina Koneva keçmiş idmançı olduğu üçün məşəlin daşınması 74 yaşlı bu müğənniyə həvalə olundu. Koneva estafet zamanı məşəli 200-300 metr məsafədə daşıyacaq. Təşkilatçılar Qalinanın həmin məsafəni qaçaraq deyil, adi yerişlə qət etməsinə razılıq veriblər”, - deyə mətbuat katibi bildirib.