PSJ finalda rəqibini gözləyir

PSJ finalda rəqibini gözləyir

Ötən gecə Çempionlar Liqasında yarımfinal mərhələsi start götürüb. Portuqaliyanın paytaxtı Lissabondakı "Eştadiu Da Luj" stadionunda keçirilmiş görüşdə Almaniyanın “Leypsiq” klubu Fransanın PSJ klubu  ilə üz-üzə gəlib. 1/4 finalda gözlənilmədən “Atletiko” üzərində qələbə qazanan Bundesliqa klubu bu dəfə sensasiya edə bilməyib. Turnirin əsas favoritlərindən olan parislilər böyükhesablı qələbə qazanaraq, finala yüksəlib. Hesabı 13-cü dəqiqədə Markos Korrea açıb. İlk hissənin sonlarında fransızlar növbəti dəfə rəqibi cəzalandırıblar. 42-ci dəqiqədə Anxel di Mariya fərqi 2 topa çatdırıb - 2:0. İlk yarı bu hesabla başa çatıb. İkinci hissədə PSJ daha bir qol vurub. Xuan Bernat 52-ci dəqiqədə fərqlənərək yekun hesabı müəyyənləşdirib.
Beləliklə, PSJ 16 ildən sonra UEFA Çempionlar Liqasının finalına vəsiqə qazanan ilk Fransa təmsilçisi olub. Sonuncu dəfə Fransa çempionatında çıxış edən "Monako" bu uğuru qazanıb. Komanda 2003/2004 mövsümünün finalında Portuqaliya "Portu"suna 0:3 hesabı ilə uduzub. Fransa klublarından yalnız "Marsel" 1992/1993 mövsümündə Çempionlar Liqasının qalibi olub. Komanda həlledici görüşdə İtaliya "Milan"ını 1:0 hesabı ilə üstələyib. Bunadək avrokubokların finalında iştirak edən sonuncu Fransa təmsilçisi də məhz "Marsel" idi. Klub 2018-ci ildə Avropa Liqasının finalında İspaniya "Atletiko"su ilə dueldən məğlub ayrılıb - 0:3. 
Qeyd edək ki, PSJ finalda bu gün keçiriləcək "Lion" (Fransa) - "Bavariya" (Almaniya) cütünün qalibi ilə qarşılaşacaq. Final isə avqustun 23-də Lissabonun "Eştadiu Da Luj" stadionunda təşkil olunacaq.
 
Çempionlar Liqası 
Yarımfinal 
18 avqust 
23:00. “Leypsiq” (Almaniya) - PSJ (Fransa) - 0:3 Qol: Markinos, 13, Di Maria, 42, Bernat, 56 Baş hakim: Byorn Kuypers (Niderland) Lissabon. "Eştadiu Da Luj"
 

PSJ finalda rəqibini gözləyir