“Fasilədən sonra futbolçuların ən yaxşı oyununu göstərmələri mümkün deyil”

“Fasilədən sonra futbolçuların ən yaxşı oyununu göstərmələri mümkün deyil”

“Çox vacib qələbə qazandıq. Uzun müddətdən sonra qalib gəlmək xoşdur. Təəssüf ki, bu gün azarkeşlərimiz meydanda yox idilər. Azarkeş amilinin futbolda nə demək olduğunu tam hiss etdik. Qarşıda çempionat oyunu var. Bu oyunlara maksimum dərəcədə hazırlaşmağa çalışacağıq”.
Bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının I təsnifat mərhələsində Şimali Makedoniyanın “Sileks” komandasına 4:0 hesabı ilə qalib gəldikləri oyundan sonra təşkil olunmuş mətbuat konfransında söyləyib.
O deyib: “Maksim Medvedev zədələndi. Bu zədənin nə dərəcədə olduğunu həkimlər daha dəqiq deyəcək. Çox ciddi olduğunu düşünmürəm. Topuq nahiyəsi burxuldu. Ağrısı güclü olduğu üçün əvəzlədik. Bu gün futbolçulardan ideal oyun gözləyə bilmərik. Amma lazımi anlarda tempi artırırdıq. Sürətdən daha çox topla daha səliqəli oynamalı idilər. Onlardan bunu tələb etmişdim, edəcəyəm də. Amma bu qədər fasilədən sonra futbolçuların ən yaxşı oyununu göstərmələri mümkün deyil. Bu gün çox əziyyət çəkdilər. Üzərində çalışdığımız hücumlar pis alınmadı, standart vəziyyətlərdə də pis oynamadıq. Komandada müəyyən səhvlər var. Səhv elə bir elementdir ki, rəqibin güclü və ya zəif olmasının fərqi yoxdur. Futbolçu formadan, komanda ritmdən uzaq olanda səhvlər olur. Oyundan-oyuna bunları aradan qaldırmağa çalışacağıq. Bunlar elə səhvlərdir ki, çox az təkrarlayırıq və tezliklə aradan qaldıracağıq”.
Qurban Qurbanov həmçinin yeni transferlərlə bağlı verilən suallara da aydınlıq gətirib. “Pandemiyadan sonra transfer etmək daha da çətinləşib. İstənilən halda axtarışlarımız davam edir. Mütləq bir neçə transfer etmək istəyirik. Qapıçı Şahruddin Məhəmmədəliyev uzun müddətdir komandadadır. Emil Balayev isə bir ilə yaxın oynamayıb. Bu gün belə qərar verdim. Amma onları ayırmıram. Qarşıdakı oyunlarda Emili də meydanda görə bilərik. Bu gün həmçinin əcnəbi qapıçı transferi də gündəmdədir. Danışıqlar davam edir. Hətta iki qapıçı ilə danışıqlar uğurlu alınmayıb. Mənim üçün futbolçulardan ayrılmaq asan deyil. Xüsusən, 3-5 il burada oynayanlarla. Amma yeni oyunçular gətirməyə məcburuq. Çalışırıq ki, onlar özlərini sərbəst göstərsinlər. Kim gedirsə, hər birini burada görmək istərdim. Amma futbolda dəyişikliklər mütləq olmalıdır, kimsə getməlidir. Bir neçə oyunçu var ki, onlarla hər bir məşqçi işləmək istərdi” - deyə “Qarabağ”ın baş məşqçisi bildirib.