«Barselona» nın kapitanı Lionel Messi yeni baş məşqçi Ronald Kumanla söhbətdən sonra klubdan ayrılmaq qərarına gəlib. Bu barədə Argentinanın «Ole» və İspaniyanın AS nəşri məlumat yayıb. Bildirilib ki, argentinalı hücumçu niderlandlı mütəxəssislə danışdıqdan sonra gələcəyi ilə barədə qəti qərar verib. Söhbət zamanı Kuman Messiyə deyib: «Komandadakı imtiyazlar bitdi, «Barselona» üçün hər şeyi etməlisən. Mən qətiyyətli olacağam, komanda haqqında düşünməlisən».
33 yaşlı hücumçu yeni baş məşqçinin bu sözlərinə əsəbiləşib. Bundan sonra o, klubdan ayrılmağa qərar verib.
Messinin kluba bununla bağlı faks göndərdiyi və hər mövsümün
sonunda müqaviləsini birtərəfli qaydada ləğv etmək hüququndan istifadə etmək istədiyini vurğulayıb.
Qeyd edək ki, baş verənlərə görə təcili iclas çağıran «Barselona» oyunçunu klubda saxlamağa çalışdığı bildirilir. Lakin Argentina milli
komandasının futbolçusu qərarında qətidir. Lionel Messi artıq karyerasını davam etdirəcəyi klubu da müəyyənləşdirib. Hücumçunun xidmətlərindən “Mançester Siti”, “Mançester Yunayted”, “Çelsi”, PSJ və “İnter” maraqlı olsa da, futbolçu özü “Mançester Siti”yə keçməyə qərar verib. O, artıq “şəhərlilər”in baş məşqçisi Pep Qvardiola ilə də danışıqlar aparıb. “Barselona” rəhbərliyi futbolçunun 700 milyon avro qarşılığında klubdan getməsinə icazə verəcəyini bildirib.
Qeyd edək ki, digər yerli mənbələr ulduz futbolçunun klub
rəhbərliyi və xüsusən də prezident Xosep Bartomeu ilə
qarşıdurmasının olduğunu yazır. Forvardın klub rəhbərliyinə
inamsızlığını bəyan etdiyi də iddia edilir. Messi hazırkı
funksionerlərin vəziyyəti yaxşıya doğru dəyişdirə biləcəyinə və
rəqabət qabiliyyətli komanda yaratmağa qadir olmadıqlarına inanır.
Argentinalı oyunçu rəhbərliyi bəzi futbolçulara qarşı hörmətsiz
münasibətdə günahlandırır.
Bildirilir ki, o, yalnız prezident istefa verəcəyi təqdirdə komandada
qalacaq. Bartomeu isə klubdan gedəcəyinə dair xəbərləri təkzib
edib. Qeyd edək ki, Lionel Messi 2004-cü ildən «Barselona» nın əsas komandasında çıxış edir. Messi bu müddət ərzində bütün turnirlər daxil olmaqla, 731 matçda meydana çıxıb, 634 qol və 285 məhsuldar ötürmə ilə yadda qalıb.