“Könüllülər ili” çərçivəsində Nərimanov rayonunda açıq havada şahmat turniri keçirilib. Turnirin açılış mərasimində çıxış edən Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, “Ağ Top” şahmat klubunun direktoru Cavanşir Bağırov, şəhid Mahir Mirzəyevin atası Sabir Mirzəyev Azərbaycanda “Könüllülər ili” çərçivəsində bir sıra tədbirlərin keçirildiyini qeyd ediblər. Bildirilib ki, könüllülər ölkədə pandemiyaya qarşı mübarizədə hökumət qurumlarına dəstək fəaliyyəti həyata keçirib, müxtəlif şəhərlərdə maarifləndirmə işlərində yaxından iştirak ediblər.
Turnirdən əvvəl bütün yarış iştirakçıları bədən hərarətini ölçən xüsusi cihazla yoxlamadan keçiblər. İştirakçılara pandemiya ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın sosial izolyasiya qaydaları haqqında və öncədən müəyyənləşdirilmiş qaydalara əməl olunması barədə ətraflı məlumat verilib.On iki könüllü şahmatçının iştirak etdiyi yarışın qalibləri mükafatlandırılıblar.
Turnirin məqsədi könüllülük fəaliyyəti ilə məşğul olan gəncləri bədən tərbiyəsi və idmana cəlb etmək, sağlam həyat tərzi və idman vasitəsilə gənclərin sosial fəallığını artırmaq, onlar arasında əlaqələri möhkəmləndirməkdir.
Nərimanov rayonunda açıq havada şahmat turniri keçirilib