Millətlər Liqası: İkinci turun oyunları başa çatdı

Millətlər Liqası: İkinci turun oyunları başa çatdı

Sentyabrın 8-də futbol üzrə UEFA Millətlər Liqasının 2020-2021-ci illər mövsümünün ikinci turuna yekun vurulub. Turun sonuncu oyun günündə A, C və D liqalarında ümumilikdə 9 qarşılaşma baş tutub.
C liqasının 1-ci qrupunda yer alan Azərbaycan millisi səfərdə Kipr seçməsinin qonağı olub. Millimiz Nikosiyada Kipr komandasını minimal hesabla məğlub edib - 1:0. Oyunda yeganə qolun müəllifi 29-cu dəqiqədə kapitan Maksim Medvedev olub.
Azərbaycan millisi növbəti oyununu Monteneqro yığmasına qarşı keçirəcək. Görüş oktyabrın 10-da baş tutacaq.
zərbaycan millisinin yer aldığı qrupun digər görüşündə Lüksemburq öz meydanında Monteneqro seçməsinə son dəqiqələrdə (90-cı) buraxdığı qolla məğlub olub.
Günün ən maraqlı görüşü “Stad de Frans” stadionunda baş tutub. Sonuncu dünya çempionatının finalçıları Fransa və Xorvatiya yığmaları üz-üzə gəlib. Məhsuldarlığı ilə seçilən görüşdə fransızlar güclü olub - 4:2. Fransa millisinin heyətində Antuan Qrizman, Dominik Luvakoviç (avtoqol), Dayo Upamkano, Olivye Giru, Xorvatina seçməsinin isə Deyan Lovren və Yosip Brekalo fərqləniblər.

Turun digər qarşılaşmalarında aşağıdakı hesablar qeydə alınıb:

A liqası (3-cü qrup)

İsveç – Portuqaliya - 0:2.

A liqası (2-ci qrup)

Belçika — İslandiya - 5:1;

Danimarka — İngiltərə - 0:0.

C liqası (2-ci qrup)

Gürcüstan – Şimali Makedoniya - 1:1;

Ermənistan – Estoniya - 2:0.

D liqası (2-ci qrup)

San-Marino – Lixtenşteyn - 0:2.