Yekaterinburqda dünya şahmat tacına namizədlərin mübarizə apardıqları, lakin koronavirus pandemiyası səbəbindən dayandırılmış turnir noyabrın 1-də davam etdiriləcək.
Bu barədə Beynəlxalq Şahmat Federasiyası məlumat yayıb. Məlumatda bildirilib ki, Tbilisi yarışların təşkili üçün ehtiyat şəhər kimi seçilib.
Bundan əvvəl Sverdlovsk vilayətinin Şahmat Federasiyasının prezidenti Andrey Simanovski turnirin oktyabrın 28-də davam edəcəyi ilə bağlı məlumat vermişdi.
İddiaçılar turniri martın 26-da 7-ci turdan sonra yarımçıq dayandırılıb. Yeddi turdan sonra Yan Nepomnyaşi (Rusiya) və Maksim Vaşe-Laqrav (Fransa) 4,5 xalla birinci və ikinci yerləri bölüşürlər. Yarışın digər iştirakçıları Aniş Qiri (Niderland), Aleksandr Qrişuk (Rusiya), Fabiano Karuana (ABŞ) 3,5, Kiril Alekseyenko (Rusiya) və Dinq Liren (Çin) 2,5 xal toplayıblar.
Xatırladaq ki, ötən il keçirilmiş dünya kubokunun sahibi kimi iddiaçılar turnirinə vəsiqə qazanan Teymur Rəcəbovun bu nüfuzlu turnirdə iştirakı alınmayıb. Şahmatçımızın koronavirusla əlaqədar turnirin təxirə salınması barədə təklifi FIDE tərəfindən qəbul olunmadığından o, iştirakdan imtina etmişdi.
İddiaçılar turnirinin bərpa vaxtı dəqiqləşdi