“Neftçi” və “Qarabağ” xal itkisi ilə üzləşdi

“Neftçi” və “Qarabağ” xal itkisi ilə üzləşdi

Ötən gün Azərbaycan Premyer Liqasında ikinci tura start verilib. Günün ilk matçında “Neftçi” klubu “Sumqayıt”ı qəbul edib. “Bakcell Arena”da keçirilmiş oyun “Neftçi”nin 0:2 hesablı məğlubiyyəti ilə yadda qalıb. Görüşdə hesab 14-cü dəqiqədə açılıb. “Sumqayıt”ın iranlı hücumçusu Əli Qurbani fərqlənib. Forvard 46-cı dəqiqədə özünün və komandasının ikinci qoluna imza atıb. Görüşün 83-cü dəqiqəsində meydan sahiblərinin heyətində Anton Krivotsyuk ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Beləliklə, ilk turda “Keşlə”yə məğlub olan “Sumqayıt” yeni mövsümdə ilk 3 xalı aktivinə yazdırıb. Birinci turda “Səbail”i məğlub edən “Neftçi” də eyni xala malikdir.
Günün digər matçında isə son çempion “Qarabağ” səfərdə “Keşlə” ilə üz-üzə gəlib. Qarşılaşma qolsuz bərabərliklə başa çatıb. Bu nəticədən sonra xallarının sayını 4-ə çatdıran “Qarabağ” liderliyini qoruyub. Eyni xala malik “Keşlə” isə 2-ci pillədə qərarlaşıb.