Azərbaycan millisinin boksçuları Ermənistan silahlı qüvvələrinin işğal etdiyi əraziləri azad etmək üçün əks-hücuma keçən Azərbaycan Ordusuna dəstək nümayiş etdiriblər.
Əsas yığmamızın üzvləri və məşqçilər korpusu qələbəmizə inandıqlarını vurğulayıblar.
Onlar üçrəngli bayrağımızla birgə himnimizin sədaları altında şəhidlərimizin ruhuna ehtiramlarını da bildiriblər. Yaralı əsgərlərimizə şəfa diləyən komandamız sosial şəbəkələrdə bununla bağlı paylaşım ediblər.
Yığmamızın Kuba əsilli boksçuları Lorenzo Sotomayor, Alfonso Dominqes və Osnay Benkoma da Azərbaycan ordusuna dəstək nümayiş etdiriblər. Rio-2016 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Lorenzo Sotomayor boks üzrə komandamızın üzvlərinin hər zaman Azərbaycan torpaqlarının azadlığı uğrunda canından keçməyə hazır olduğunu qeyd edib: “Qarabağ Azərbaycandır! Biz birlikdə güclüyük və hər zaman ordumuzun yanındayıq”.
Avropa Oyunlarının qalibi Alfonso Dominqes də “Qarabağ Azərbaycandır!” paylaşımını edib.
Digər Olimpiya mükafatçımız Kamran Şahsuvarlı da Azərbaycan Ordusuna inam ifadə edib və dövlətimizin ədalətli yolda olduğunu qeyd edib: “Haqq yolundayıq və qələbə qazanacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”.
Qeyd edək ki, digər boksçularımız da bu səpkidə müxtəlif paylaşımlar ediblər.