Sentyabrın 27-dən etibarən Dağlıq Qarabağda düşmən təxribatına layiqli cavab vermək üçün əks-hücuma keçən rəşadətli ordumuzun qələbə sorağı bütün xalqımızı sevindirir. 30 ilə yaxındır ki, işğal altında olan torpaqlarımızın bugünlərdə hissə-hissə azad olunması xəbərləri bir-birini əvəz edir.
Ali Baş Komandan, cənab İlham Əliyevin uğurlu siyasəti və ordumuzun şücaəti sayəsində illərdən bəri yağı tapdağı altında qalan doğma yurdumuz azadlığa qovuşur. Yaşından, vəzifəsindən asılı olmayaraq hər bir azərbaycanlı bu gün döyüşlərdən danışır, ardıcıl qələbələr münasibətilə bir-birini təbrik edir. Ölkənin hər bir yerində üçrəngli bayrağımız zəfər nümunəsinə çevrilib. Beynəlxalq arenalarda ən yüksəkdə dalğalanan Azərbaycan bayrağı bu gün işğaldan azad olunmuş mövqelərə sancılmaqda davam edir.
Azərbaycanda idmanın və Olimpiya Hərəkatının təbliğində özünəməxsus rolu olan “Olimpiya dünyası” qəzeti də döyüşlər başlayan gündən etibarən çoxsaylı oxucularına ordumuzun qələbə soraqlarını çatdırır. İdman ictimaiyyətinin qələbə sevincini və onların arzularını öyrənmək üçün əməkdaşlarımız idman federasiyaları və idmançılarla əlaqə saxlayır. Bu sayımızda da ənənəyə sadiq qalaraq, həmin fikirləri təqdim edirik.
gələn son xəbərləri
həyəcanla gözləyirik”
Nazim Hüseynov: (Olimpiya çempionu):
- Hər birimiz cəbhədən gələn son xəbərləri həyəcanla gözləyirik. Ordumuza bu çətin günlərdə uğurlar diləyir, onlara yalnız zəfər qazanmağı arzulayıram. Hər birimiz Vətən üçün son damla qanımızdan və canımızdan belə keçməyə hazırıq. Hər birimiz bu Vətənin əsgəriyik. Mən və oğlum Naim Hüseynov da torpaqlarımızı düşməndən azad etmək üçün hərbçilərimizlə birgə vuruşmağa hər an hazırıq. Azərbaycan ordusu son günlərdə yeni qələbə xəbərləri ilə bizə hədsiz sevinc bəxş etdi. Bu qələbələr Azərbaycanın şanlı tarixində yeni səhifə açdı. Mən bütün şəhidlərimizin valideynlərinin qarşısında baş əyirəm ki, Vətən üçün belə mərd, qəhrəman oğullar yetişdiriblər. Allah yaralı hərbçilərimizə də tezliklə şəfa versin. Torpaqlarımızın müəyyən bir hissəsinin düşməndən azad edilməsi hər birimizdə ruh yüksəkliyi yaradıb. İnanıram ki, tezliklə bütün torpaqlarımız azad ediləcək və Azərbaycanın ərazi bütövlüyü tam təmin olunacaq. Bu biz idmançılarda da böyük ruh yüksəkliyi yaradacaq. İdmançılarımız da çalışacaq ki, bu ruh yüksəkliyindən yararlanaraq dünya, Avropa çempionatlarında və Olimpiya Oyunlarında Azərbaycan bayrağını yüksəklərə qaldırsınlar.
arasında böyük ruh
yüksəkliyi var”
Namiq Abdullayev: (Olimpiya çempionu, sərbəst güləş üzrə yığma komandanın baş məşqçisi):
- Azərbaycan Ordusunun əzəli torpaqlarımızı düşməndən təmizləməsi və cəbhədən ard-arda gələn qələbə xəbərləri xalqımızın sevincinə səbəb oldu. Torpaqlarımız uğrunda şəhidlik zirvəsinə ucalan əsgərlərimizə Allah rəhmət eləsin. Yaralı hərbçilərimizə isə Allahdan şəfa diləyirəm. Düşmənlə cəsarətlə, şücaətlə döyüşən əsgərlərimizə güclü və əzmli olmağı arzulayıram. Mən əminəm ki, Azərbaycanın şanlı ordusu işğal olunan bütün torpaqlarımızı tezliklə azad edəcək və bayrağımız işğaldan qurtulan hər bir şəhər, rayon və kənddə ucalacaq.
Yığma komandanın tərkibində Olimpiya Oyunlarında, Avropa və dünya çempionatlarında dəfələrlə erməni rəqiblərini məğlub edib, bayrağımızı yüksəklərə qaldıran idmançılar var. Onlar da müharibəyə yollanıb, torpaqlarımızı işğaldan azad etmək üçün Ali Baş Komandanımızın əmrini gözləyirlər. Həm xalqımız, həm də idmançılarımız arasında böyük ruh yüksəkliyi var. Hər birimiz inanırıq ki, tezliklə Azərbaycan ərazi bütövlüyünü bərpa edəcək və xalqımız əzəli torpağına qayıdacaq.
nə də döyüş meydanında
bizə rəqib deyil”
Elnur Məmmədli (Olimpiya çempionu, Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti):
- 30 ilə yaxındır ki, torpaqlarımızın 20 faizi işğal altında idi. İllərdir torpaqlarımızın azad olunacağı günü səbirsizliklə gözləyirdik. Bu gün həmin vaxt gəlib çatıb. Azərbaycanın güclü-qüvvətli ordusunun göstərdiyi şücaət bunu deməyə əsas verir. Hazırda Azərbaycan ordusu yeni bir tarix yazır. Ali Baş Komandanımız cənab İlham Əliyev hər zamanki kimi, əsgərlərimizin və xalqımızın yanındadır və onlara qələbə inamı verir. Əzəli torpaqlarımızın düşmən tapdağından azad etmək həqiqətən də qürurvericidir. Ordumuz sürətlə irəliləyərək, ardıcıl qazandığı qələbələrlə xalqımızı sevindirir. Biz idmançılar da cəbhədən gələn xoş xəbərlərə görə çox sevinirik. Bir idmançı və Olimpiya çempionu kimi ordumuzun yanındayam və lazım gələrsə birmənali olaraq özüm də hərbçilərimizlə birgə düşmənə qarşı vuruşmağa hazıram. Ümumiyyətlə, mən karyeram ərzində bir çox erməni idmançıları ilə üz-üzə gəlmişəm. Əminliklə deyirəm ki, düşmən nə tatamidə, nə də döyüş meydanında bizə rəqib deyil. Buna görə də, işğal olunan torpaqlarımızın şanlı ordumuz tərəfindən tezliklə azad olunacağına inanıram.
yumruq kimi bir
olub, ordumuza
dəstəyini nümayiş etdirir”
Firdovsi Umudov (Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti):
- Şanlı ordumuzun əldə etdikləri uğurlar və torpaqlarımızın bir qisminin düşmən tapdağından azad olunması münasibəti ilə xalqımızı təbrik edirəm. Əminəm ki, bu qələbələrin, azad olunan şəhər və rayonların sayı günü-gündən artacaq. Torpaqlarımız uğrunda şəhidlərimiz bizim and yerimizdir, qürurumuzdur. Vətən üçün canından keçən hərbçilərimizə Uca Tanrıdan rəhmət, yaralılara Allahdan şəfa diləyirəm. Qeyd etmək istəyirəm ki, ölkəmizin hər bir vətəndaşı kimi biz idmançılar, idmançı-zabitlər hər zaman ordumuza dəstək oluruq. Biz də öz növbəmizdə Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin qəbul etdiyi hər bir qərarı icra etməyə hazırıq. Bu gün yarış meydanlarında əldə etdiyimiz uğurları Qarabağ müharibəsində də təkrarlamağa qadirik. Bu gücü xalqımızdan alırıq. Xalqımız öz dəstəyi ilə hər zaman bizi Olimpiya Oyunlarında, Avropa və dünya çempionatlarında qələbə qazanmağa ruhlandırır. Lakin yarış meydanındakı savaş, döyüş meydanında olan savaşdan fərqlənir. Şübhəsiz ki, Azərbaycan bu savaşdan da qalib ayrılacaq. Əminəm ki, Ali Baş Komandanımızın rəhbərliyi altında Qarabağda, Xankəndidə, Şuşada, Ağdamda, Xocalıda, Füzulidə üçrəngli bayrağımızı sancıb, qələbə sevincini yaşayacağıq. Çünki Qarabağ Azərbaycandır! Azərbaycan xalqı yumruq kimi bir olub, ordumuza, dövlətimizə dəstəyini nümayiş etdirir. Bilirsiniz ki, güc birlikdədir. Birlik olan yerdə isə hər zaman qələbə var. Vətəndaşlarımızın ordumuza, əsgərlərimizə ürəklərindən gələrək etdikləri yardımlar və sovqatlar xalqımızın birliyinin bariz nümunəsidir. Əlbəttə ki, ordumuz hər şeylə tam təmin olunub. Lakin xalqımızın bu addımı əsgərlərinə, hərbçilərinə olan sevgisi, hörməti və minnətdarlığından irəli gəlir.
mübarizəsində ordumuzun yanındayıq”
Məhərrəm Sultanzadə (Azərbaycan Atletika Federasiyasının baş katibi):
- Bu gün bütün xalqımızın ürəyi hərbçilərimizlə döyünür. Hər birimiz səbirsizliklə cəbhədən gələn xəbərləri, ordumuzun yeni qələbə soraqlarını gözləyirik. İnanıram ki, tezliklə müharibə xalqımızın zəfəri ilə başa çatacaq və torpaqlarımız düşməndən azad ediləcək. Biz hər birimiz bu haqq mübarizəsində ordumuzun yanındayıq. Qeyd edim ki, atletika idman növü üzrə iki idmançımız hərbçilərimizlə birgə düşmənə qarşı mübarizə aparmaq üçün cəbhə bölgəsinə yollanıb. Onlardan biri Arif Qeybiyev qəhrəmancasına döyüşərək, Vətən uğrunda şəhid olub. Azərbaycan Atletika Federasiyası adından şəhid idmançımızın ailəsinə dərin hüznlə başsağlığı veririk. 2006-cı ildən atletika ilə məşğul olan Arif Qeybiyev bu idman növü üzrə yığma komandanın üzvü olub. 2012-2015-ci illər arasında kross qaçışı üzrə üçqat Azərbaycan çempionu, dəfələrlə respublika çempionatlarının, birinciliklərinin qalib və mükafatçısı olub. O, 2014-cü ildə yığma komandanın tərkibində Avropa Olimpiya Təsnifat yarışlarında iştirak edib. Bizim digər idmançımız Elnur Qurbanlı da bu gün cəbhə bölgəsindədir. Ona və digər hərbçilərimizə bu haqq mübarizəsində uğurlar arzulayıram. Biz haqq yolundayıq, bizim işimiz haqq işidir və qələbə bizimlə olacaq.
öz ərazi bütövlüyünü
bərpa edəcək”
Vüqar Əzimov (Azərbaycan Basketbol Federasiyasının baş katibi):
- Azərbaycanın əzəli torpaqlarını düşmən tapdağı altından azad etməsi tarixi hadisədir. Azərbaycan Ordusunun xalqımıza yaşatdığı bu sevinc, heç bir hisslə müqayisə oluna bilməz. Dövlətimizin qəbul etdiyi hər bir qərarı federasiya olaraq dəstəkləyir və hər an ordumuzun yanındayıq. Azərbaycan basketbolçuları da xalqımızın hər bir nümayəndəsi kimi, torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak etməyə hazırdırlar. Basketbolçularımızda da ruh yüksəkliyi müşahidə olunur. Onlar arasında hazırda müharibədə düşmənə qarşı əsgərlərimizlə çiyin-çiyinə döyüşənlər və ordu sıralarına qoşulmaq üçün könüllü şəkildə qeydiyyatdan keçənlər də var. Həmçinin Azərbaycan Basketbol Federasiyası ordumuza dəstək məqsədi ilə “Qarabağ Azərbaycandır!” - adlı videoçarx hazırlayıb. Bundan əlavə qadın basketbolçularımız da ordumuzu yaxından dəstəkləyirlər. Milli komandamızın üzvləri Azərbaycanın haqq yolunda olduğunu və şanlı ordumuzun şücaətli mübarizəsindən bəhs edən dəstək videosu hazırlayıblar. İnanıram ki, Azərbaycan tezliklə öz ərazi bütövlüyünü bərpa edəcək və biz doğma yurdumuza qayıdacağıq.
qələbəyə ruhlandıran onun inamıdır”
Dilqəm Quliyev (Pedaqogika üzrə elmlər doktoru, professor):
Azərbaycan xalqı bugünki parlaq həyata qovuşmaq üçün böyük mübarizə yolu keçmişdir. Müstəqillik günü ilə başlanan müasir tariximizin iyirmi doqquz illik dövründə əldə olunmuş nailiyyətlərə görə xalqımız xilaskar liderimiz Heydər Əliyevə minnətdardır. Xalqımızın ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qaydışı həlli çətin görünən bir çox məsələləri reallığa çevirdi. Azərbaycan bütün dünyada tanındı. Belə bir ağır, təhlükəli dövrdə ümummilli liderimiz Heydər Əliyev xalqın dadına yetişdi. Bu qayıdışla o, Azərbaycanda vətəndaş müharibəsini aradan qaldırdı. Düşmənlərimizin Azərbaycanı parçalamaq, məhv etmək planlarını puça çıxardı. Xalqımız, Müstəqil Azərbaycan fəlakətdən xilas oldu.
Mən Ulu öndər Heydər Əliyevin bir kəlamını oxucuların nəzərinə çatdırmaq istəyirəm. 1996-cı ildə mən Ulu öndərə “Şəhid idmançılar” kitabını təqdim edəndə, Əl Oyunları Sarayında “Azərbaycan Gənclərinin I Forumu”nda Ulu öndər Heydər Əliyev demişdi: “Vətənin idman şərəfini qorumaq səngərdə Vətənin torpağını qorumaq kimi şərəfli bir işdir”.
Əgər azadlıq dərk olunmuş həqiqətdirsə, onda həqiqət fikir azadlığının, ədalət isə həqiqətin övladıdır. Həm də ədalət gücdə deyil, güc ədalətdədir.
Yunan filosofu Platonun məşhur bir kəlamı var: “Azadlıq bərabərdir xalq, üstə gəl şəxsiyyət, şəxsiyyətsiz azadlıq xəyaldır”. Məhz bu gün Azərbaycanı azadlığa çıxaran şəxsiyyət Ümummilli liderimiz Heydər Əliyev olmuşdursa, onun azadlıq yolunu davam etdirəcək yeganə şəxs Cənab Prezident İlham Əliyevdir.
Xalqı yaşadan və qələbəyə ruhlandıran onun inamıdır. Hazırda məhz belə bir inamı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev ordumuzda, xalqımızda və gənclərimizdə yarada bilmişdir.
Qazanılan zəfərlər təkcə silahın gücü deyil, Ali Baş Komandan İlham Əliyevin uzaqgörən diplomatiyasının, dünyada yüksək nüfuzunun məntiqi nəticəsidir.
Bu günlərdə ön cəbhədə ağır döyüşlər gedir. Azərbaycan Ordusu öz torpağında Azərbaycanın ərazi bütövlüyünü qoruyur, müdafiə edir. Bu günləri biz həyatımızın ən mənalı, ən sevincli günləri hesab edirik. Azərbaycan əsgərinin rəşadəti bizi o qədər ruhlandırıb ki, ahıl olmağıma baxmayaraq, özümdə sanki yeni bir güc, qüvvə hiss edirəm və hər an ordumuzun sıralarına qoşulmağa, ordumuza bacardığım qədər köməyimi, dəstəyimi göstərməyə hazıram.
Bütün Azərbaycan xalqı kimi mən də, Ali Baş Komandanımız İlham Əliyevlə fəxr edirəm. Yaşasın, Azərbaycan!