Moskva Open 2013" sona çatdı... ... "Aeroflot Open 2013" başladı

Moskva Open 2013" sona çatdı... ... "Aeroflot Open 2013" başladı

Yanvarın 31-də Rusiyanın paytaxtı Moskvada start götürən "Moskva Open 2013" ənənəvi beynəlxalq şahmat turniri fevralın 10-da başa çatıb. 1600 iştirakçının mübarizə apardığı yarışda Azərbaycanı 15 şahmatçı təmsil edirdi. A turnirində milli komandanın üzvlərindən beynəlxalq qrossmeysterlər Rauf Məmmədov (2651), Qədir Hüseynov (2623), Vasif Durarbəyli (2598), beynəlxalq ustalar Ülvi Bacarani (2441), Bəhruz Rzayev (2395) və qadın şahmatçımız beynəlxalq usta Xəyalə Abdulla (2203) iştirak ediblər.


B turnirində qadınların yarışında beynəlxalq usta Nərmin Kazımova (2176), Səbinə İbrahimova (2156), Turan Əsgərova (1969), Nərmin Söyünlü (1953) və FİDE ustası Günay Məmmədzadə (1920) mübarizə aparıblar.
Eldar Musayev (2204), Elxan Bayramov (2085), Vüsal Əhmədov (1991) və Səbuhi Xosrov (1869) isə C turnirində çıxış ediblər.
228 şahmatçının iştirak etdiyi A turnirində (güclülər) milli komandamızın üzvü, beynəlxalq qrossmeyster Rauf Məmmədov 9 mümkün xaldan 7-ni toplayıb. O, rəqibləri ilə 2 -9-cu yerləri bölüşdürüb. Lakin əlavə göstəricilərdə Məmmədov 4-cü yeri tutsa da, bu nəticə medal qazanmaq üçün kifayət etməyib. Yığma komandamızın digər üzvü beynəlxalq qrossmeyster Qədir Hüseynov isə 6.5 xalla 13-cü olub. Keçiridiyi görüşlərdən 7,5 xal toplayan Rusiya şahmatçısı Boris Savcenko A turnirinin qızıl medalına yiyələnib.
Qadınların çıxış etdiyi B turnirində 172 şahmatçı mübarizə aparıb. Təmsilçilərimizdən ən yaxşı göstərici gəncəli zəka sahibi Səbinə İbrahimova nail olub. Xanım təmsilçimiz 9 oyundan 6,5 xal toplayaraq 16-cı yeri tutub. Nərmin Kazımova 6 xalla 18-ci yerdə qərarlaşıb.


Fevralın 11-də Rusiyanın paytaxtı Moskvada daha bir ənənəvi beynəlxalq turnirə start verilib. 21 ölkədən 257 şahmatçı bu dəfə "Aeroflot Open 2013" şahmat festivalında öz qüvvəsini sınayacaq. Yarışda 5 şahmatçımız çıxış edir.
Turnirdə əvvəlcə sürətli şahmatın seçmə, sonra isə blits-turniri keçiriləcək. Sürətli şahmat turnirində beynəlxalq qrossmeysterlər Rauf Məmmədov, Qədir Hüseynov, Vasif Durarbəyli və beynəlxalq ustalar İlqar Bacarani, Orxan Abdulov iştirak edirlər. Rauf Məmmədov hələlik 4 oyundan 4 xal toplayaraq liderlik edir. Qədir Hüseynov 3.5, Vasif Durarbəyli 2.5 xal yığdıqları halda, İlqar Bacarani hələ aktivinə xal yaza bilməyib.
Qeyd edək ki, turnirdə ilk 30 yeri tutan şahmatçı finala vəsiqə qazanacaq. Finalda bu 30 nəfərə dünyanın 8 güclü şahmatçısı, o cümlədən həmyerlimiz Şəhriyar Məmmədyarov da qoşulacaq.