Çempionlar Liqası: Favoritlər 1/8 finala vəsiqəni təmin etdilər

Çempionlar Liqası: Favoritlər 1/8 finala vəsiqəni təmin etdilər

Ötən gecə Çempionlar Liqasında qrup mərhələsinin ikinci dövrəsi start verilib. IV turun ilk oyun günündə E, F, G və H qrupunda 8 oyun keçirilib. Bu mərhələdə qeydə alınan nəticələrdən sonra 1/8 finala vəsiqə qazanan ilk komandalar müəyyənləşib.

E qrupunda İngiltərənin "Çelsi" klubu Fransada "Renn"i, İspaniyanın "Sevilya" komandası isə Rusiyada "Krasnodar"ı 2:1 hesabı ilə məğlub edərək, adını pley-offa yazdırıb. Bu nəticədən sonra xallarının sayını 10-a çatdıran London və Əndəlusiya təmsilçiləri sona 2 tur qalmış qrupdan çıxmağı təmin ediblər. "Krasnodar" və "Renn" isə hərəyə 1 xalla müvafiq olaraq 3-4-cü

yerləri bölüşdürür. Son iki turda yalnız qrup birincisinin və Avropa Liqasına yollanacaq komandanın kimliyinə aydınlıq gətirəcək.

Almaniyanın Dortmund “Borussiya”sı ilə İtaliyanın “Latsio” komandalarının yer aldıqları F qrupunda asan qələbə qazanaraq ilk iki pillədəki yerlərini möhkəmlədiblər. Bundestim təmsilçisi Almaniyada Belçikanın “Brügge” klubundan güclü olub -3:0. “Latsio” isə doğma meydanda Rusiyanın “Zenit” klubunu 3:1 hesabı ilə üstələyib. Bu iki klubdan ən azı birinin turnirdə yoluna davam edəcəyini əminliklə söyləmək olar. Çünki “Zenit” üçün ÇL-də mübarizənin qrupda başa çatacağı dəqiqləşib.

G qrupunda da 1/8 finalın hər iki iştirakçısının adına aydınlıq gəlib. Qrupun lider olan İspaniyanın “Barselona” klubu ötən tur “Nou Kamp”da minimal hesabla qalib gəldiyi “Dinamo Kiyev”i bu dəfə Ukraynada böyükhesabla üstələyib. Səfərdə 4:0 hesabı ilə qələbə qazanaraq xallarının sayını 12-yə çatdıran kataloniyalılar 1/8 finala vəsiqəni təmin ediblər. Qrupun digər favoriti “Yuventus” isə son dəqiqələrdə vurduğu qolla “Ferensvaroş” üzərində əzmkar qələbə qazıb -2:1. Turinlilər bu qələbə sayəsində qrup ikincisi kimi adını növbəti mərhələyə yazdırıb. Aktivində 1 xal olan “Dinamo Kiyev” və “Ferensvaroş” klubları isə son iki turda 3-cü yeri tutaraq Avroliqaya vəsiqə uğrunda mübarizə aparacaq.

H qrupunda Türkiyə təmsilçisi “Başakşəhər” İngiltərədə “Mançester Yunayted”lə üz-üzə gəlib. Ötən tur doğma divarlar arasında “qırmızı şeytanlara” 2:1 hesabı ilə qalib gələn istanbullular eyni uğuru İngiltərədə təkrarlaya bilməyib. Görüş “Mançester Yunayted”in böyükhesablı qələbəsi ilə başa çatıb -4:1. Qrupun digər oyununda PSJ Fransada “Leypsiq”ə Neymarın 11-ci dəqiqədə vurduğu penalti qolu ilə qalib gəlib. Bu nəticələrdən sonra İngiltərə təmsilçisi 9 xalla qrupun vahid lideri olub. Qələbə sayəsində xalını 6-ya çatdıran parislilər ikinci pilləyə yüksəlib. Eyni xala malik olan “Leypsiq” üçüncü pillədə yer alıb. Türkiyənin Başakşəhər” klubu isə 3 xalla sonuncudur.

Qeyd edək ki, turun digər 8 oyunu noyabrın 25-də keçiriləcək.