Beynəlxalq Şahmat Federasiyası (FIDE) dekabr ayı üçün reytinq cədvəlini açıqlayıb. İlk “onluq”da ötən ayda olduğu kimi Azərbaycanın 2 şahmatçısı yer alıb. Şəhriyar Məmmədyarov 8-ci (2770), Teymur Rəcəbov (2765 xal) isə 10-cudur.
İlk yüzlükdə isə 3 şahmatçımız yer alıb. Belə ki, Nicat Abbasov (2668 xal) və Qədir Hüseynov (2665 xal) 1 pillə irəliləyərək, müvafiq olaraq, 71-ci və 74-cü yerlərdə qərarlaşıblar. Rauf Məmmədov (2654 xal) isə 3 pillə irəliləyib – 92-ci yer.
Siyahıya əvvəlki kimi norveçli dünya çempionu Maqnus Karlsen (2862 xal) başçılıq edir. ABŞ təmsilçisi Fabiano Karuana (2823 xal) ikinci, çinli Liren Dinq (2791 xal) isə üçüncü pillədədirlər.
Qadınların reytinq cədvəlinin ilk yüzlüyündə Azərbaycan şahmatçılarından Günay Məmmədzadə 2443 xalla 1 pillə irəliləyərək 31-ci yerdə qərarlaşıb. Bir pillə geriləyən şahmatçılarımız - Gülnar Məmmədova (2382 xal) 81-ci, Xanım Balacayeva (2376 xal) 90-cı mövqeni tuturlar.
Qadınların reytinq cədvəlinə çinli Hou Yifan (2658 xal) başçılıq edir. Rusiyalı Aleksandra Qoryaçkina (2593 xal) və hindistanlı Hampi Koneru (2586 xal) ilk üçlüyü tamamlayıblar.