Son 32 ilin ən pis başlanğıcı

Son 32 ilin ən pis başlanğıcı

Ötən gün futbol üzrə İspaniya La Liqasının 12-ci turunun oyunları keçirilib. Çempionatın iddialı klubu sayılan “Barselona” səfərdə “Kadiz” klubunun qonağı olub. Görüş gözlənilmədən meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 2:1. Bu nəticədən sonra “Barselona” 10 oyuna 14 xal toplayaraq 7-ci pillədə qərarlaşıb. Bu, nəticə Kataloniya təmsilçisi üçün son 32 ilin ən pis başlanğıcıdır. 1988-ci ildə La Liqanın formatı dəyişiləndən bu günəddək ilk dəfədir ki, “Barselona” La Liqa mövsümünə pis başlayıb. Statistikaya nəzər salsaq görərik ki, heç bir komanda, belə bir başlanğıcdan sonra La Liqanı qazana bilməyib. La Liqaya uğursuz start verən “Barselona” lider “Atletiko”dan 12 xal geridədir. “Barselona”nın əzəli rəqibi “Real Madrid” isə növbəti oyununu səfərdə “Sevilya” klubuna qarşı keçirib. Görüş “Kral klubu”nun minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0. Oyunda yeganə qolu 55-ci dəqiqədə “Sevilya”nın futbolçusu Bomo öz qapısına vurub. Zinədin Zidanın komandası bu qələbə ilə xalını 20-yə çatdıraraq üçüncü pilləyə yüksəlib. La Liqanın lideri “Atletiko Madrid” isə öz meydanında “Valyadolid” klubunu 2:0 hesabı ilə məğlub edib.