Robinyonun həbs cəzası təsdiqləndi

Robinyonun həbs cəzası təsdiqləndi

İtaliya Apellyasiya Məhkəməsi "Milan"ın sabiq futbolçusu Robinyonun iddiasını rədd edib. Məhkəmə zorlamada iştiraka görə braziliyalı hücumçuya verilmiş 9 illik həbs cəzasını təsdiqləyib.

36 yaşlı hücumçunun üçüncü instansiyaya müraciət edəcəyi, yəni kassasiya şikayəti verəcəyi bildirilib. Qərarın məhz bu səbəbdən qüvvəyə minmədiyi qeyd olunub.

Bu məsələ üzrə ilk qərar hələ 2017-ci ildə elan olunmuşdu. O vaxtdan bəri iş apellyasiya məhkəməsində davam edirdi.

Qeyd edək ki, Robinyo və daha 5 nəfər 22 yaşlı albaniyalı xanımı qrup şəklində zorlamada ittiham olunur. Hadisə 2013-cü il yanvarın 22-də Milanda baş verib. Təcrübəli oyunçu günahını etiraf etməyib.

Robinyo bu il oktyabrın 11-də ölkəsinin "Santos" klubuna keçsə də, 6 gün sonra onun müqaviləsinə xitam verilib.