Levandovski Ronaldo və Messini qabaqladı

Levandovski Ronaldo və Messini qabaqladı

FIFA 2020-ci ilin ən yaxşı futbolçusunu açıqlayıb. Bu ada Almaniyanın "Bavariya" klubunun futbolçusu Robert Levandovski layiq görülüb. Polşalı futbolçu İtaliyanın "Yuventus" klubunun üzvü Kriştianu Ronaldo və İspaniyanın "Barselona" komandasının hücumçusu Lionel Messini üstələyib. 32 yaşlı forvard Şərqi Avropanın ikinci, İspaniyadan kənar ölkənin çempionatının isə birinci təmsilçisi olub.

2018-ci ildə bu mükafatı "Real Madrid"dən xorvatiyalı Luka Modriç qazanıb. Ronaldo "The Best" mükafatına "kral klubu"nda çıxış etdiyi vaxt - 2016 və 2017-ci illərdə, Messi isə ötən il yiyələnib. Levandovski bu il "Bavariya"nın heyətində Almaniya çempionu, ölkə Super Kuboku, Çempionlar Liqası və UEFA Super Kubokunun qalibi olub. O, habelə, 34 qolla ardıcıl üçüncü mövsüm Bundesliqanın, 6 qolla ardıcıl dördüncü mövsüm Almaniya Kubokunun və 15 qolla ilk dəfə Çempionlar Liqasının bombardiri olub.

Təcrübəli forvard Messi və Ronaldu istisna olmaqla, 2005-ci ilin ən yaxşısı sayılan Ronaldinyodan sonra FIFA-nın ali mükafatına layiq görülən ilk hücumçudur.

Qeyd edək ki, Robert Levandovski karyerasında ilk dəfə "The Best" mükafatını qazanıb. Koronavirus pandemiyası səbəbindən mükafatlandırma mərasimi onlayn formatda təşkil olunub. Bununla belə, FIFA prezidenti Canni İnfantino mükafatı təqdim etmək üçün Levandovski ilə şəxsən görüşüb.

FIFA həmçinin 2020-ci ilin ən yaxşı qadın futbolçusunun da adını açıqlayıb. Bu ada İngiltərənin "Mançester Siti" klubunun müdafiəçisi Lusi Bronz layiq görülüb. 29 yaşlı oyunçu "Çelsi"dən Pernil Harder və Fransa "Lion"undan Vendi Renarı qabaqlayıb. Qeyd edək ki, ötən il ən yaxşı adına Meqan Rapino (ABŞ, “Reyin”) layiq görülüb.

FİFA 2020-ci il üçün "Ferents Puşkaş" mükafatının qalibini də elan edib. İngiltərənin "Tottenhem" klubunun futbolçusu Son Xın Minin Premyer Liqada "Bernli"yə vurduğu qol ən yaxşı seçilib. Mükafata İspaniya "Atletiko"sunun hücumçusu Luis Sauresin "Barselona"da çıxış edərkən La Liqada "Malyorka"ya, həmçinin Braziliya "Flamenqo"sundan Corcian Arrasketanın yerli çempionatda "Seara"ya vurduğu qollar da iddia edirdi.