Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarovun Veyk-an Zee turnirində (“Tata Steel Chess 2021”) iştirak etməməsinin səbəbi müəyyənləşib. Qrossmeyster bu barədə instaqram səhifəsində paylaşım edib. O, turnirdə iştirak etməməsinin əsas səbəbinin koronavirusa yoluxması ilə əlaqələndirib: "Əziz dostlar və şahmatsevərlər! “Tata Steel” turnirində əvəz olunmağıma aydınlıq gətirmək istərdim. Bir çoxlarınızın bildiyi kimi, mən bu yaxınlarda COVİD-19 virusuna yoluxmuşdum. Bir müddət hospitalda həkim nəzarəti altında olduqdan sonra evə buraxıldım. Şükürlər olsun, artıq canımda virus yoxdur, sağalmağa doğru gedirəm. Buna baxmayaraq, hələ də özümü zəif hiss etdiyimdən, yarışın təşkilatçısı Jeroen van den Bergdən çoxdandır gözlədiyim və oynamaq istədiyim yarışda məni başqa oyunçu ilə əvəz etməsini xahiş etdim”.
O, növbəti illərdə turnirə qatılmaq arzusunu gizlətməyib: “Ümüdvaram ki , “Tata Steel” turnirinin növbəti illərdə qonağı olaraq sizləri öz oyunlarımla sevindirmək imkanım olacaq”.
Ş.Məmmədyarov eyni zamanda həkimlərə təşəkkürünü də bildirib: “Fürsətdən istifadə edərək, qeydimə qalan həkimlərə və tibb bacılarına mənə göstərdikləri qayğıya görə təşəkkürümü bildirirəm. Hamınız xoşbəxt və sağlam olun!”