Şahmat üzrə 2021-ci ildə keçiriləcək dünya kubokunun mükafat fondu 1,89 milyon dollar təşkil edəcək. Bu barədə Beynəlxalq Şahmat Federasiyasının (FIDE) mətbuat xidməti məlumat yayıb. Dünya kuboku üçün belə bir mükafat fondu rekord hesab olunur. Qadınlar arasında dünya kubokunun mükafat fondu isə 450 min dollardan 676 min dollara yüksəlib. Bununla belə turnir iştirakçılarının sayı da artıb. Belə ki, kişilər arasında keçiriləcək dünya kubokunda iştirakçıların sayı 128-dən 206-ya, qadınların yarışında 64-dən 103-ə qədər artıb. Dünya kubokunda fərqlənən 3 iştirakçı 2022-ci ildə keçiriləcək iddiaçılar turnirinə birbaşa vəsiqə qazanacaq.
Turnir Rusiyada keçiriləcək. Yarışın təşkili təxminən iyulun 10-na planlaşdırılır.
Qeyd edək ki, Azərbaycan təmsilçisi Teymur Rəcəbov 2019-cu ildə Rusiyanın Xantı-Mansiysk şəhərində keçirilən dünya kubokunun qalibi olub.