Onlayn formada keçirilən blits üzrə “Airthings Masters” turnirində 1/4 finalın cabab oyunları keçirilib. Yarışda iştirak edən azərbaycanlı qrossmeyster Teymur Rəcəbov 1/4 finalda rusiyalı Yan Nepomnyaşi ilə növbəti görüşdə üz-üzə gəlib. İlk qarşılaşmada olduğu kimi, yenə 2:2 hesabı qeydə alınıb. Hesab bərabər olduğundan şahmatçılar blitsdə zəkalarını yoxlayıblar. 2 oyundan ibarət mübarizədə də qalib müəyyənləşməyib -1:1.
Qalibin adına yalnız armageddonda aydınlıq gəlib. T.Rəcəbov qara fiqurlarla heç-heçə etdiyindən yarımfinala yüksəlib. O, bu mərhələdə norveçli dünya çempionu Maqnus Karlseni yarışdan kənarlaşdıran rusiyalı Danil Dubovla oynayacaq. Şahmatçılar finala vəsiqə üçün 2 gün – dekabrın 31-də və yanvarın 1-də qarşılaşacaqlar.
Digər yarımfinal cütündə isə Levon Aronyanla (Ermənistan) Maksim Vaşye-Laqrav (Fransa) mübarizə aparacaq.
Qeyd edək ki, turnir 2021-ci il yanvarın 3-də yekunlaşacaq.