Onlayn formatda blits şahmat üzrə “Airthings Masters” turnirində iştirak edən azərbaycanlı qrossmeyster Teymur Rəcəbov bu gün növbəti görüşünü keçirəcək. 33 yaşlı qrossmeyster yarımfinalda ikinci dəfə rusiyalı həmkarı Daniil Dubovla üz-üzə gələcək. İlk görüşdə rəqibinə 3:1 hesabı ilə qalib gələn Teymur Rəcəbovu finala çıxmaq üçün heç-heçə də qane edəcək.
Digər yarımfinal görüşündə Ermənistan təmsilçisi Levon Aronyanla Maksim Vaşye-Laqrav qarşılaşacaq. L.Aronyan da bu mərhələnin ilk qarşılaşmasında rəqibini eyni hesabla məğlub edib.
Beləliklə, bugünkü nəticələrdən sonra finalda Azərbaycan - Ermənistan dueli baş tuta bilər.
Qeyd edək ki, şahmatçımız yarışın dörddəbir final mərhələsində Rusiyanın digər təmsilçisi Yan Nepomnyaşini məğlub edərək yarımfinala yüksəlib.
Yanvarın 3-dək davam edəcək turnirin mükafat fondu 200 min ABŞ dollarıdır. Yarışın qalibi 60 min ABŞ dolları qazanacaq.