Onlayn formatda blits şahmat üzrə “Airthings Masters” turnirində iştirak edən azərbaycanlı qrossmeyster Teymur Rəcəbov finalda ilk görüşlərini keçirib. 33 yaşlı qrossmeysterimiz finalda Ermənistan təmsilçisi Levon Aronyanla üz-üzə gəlib. İlk üç qarşılaşma heç-heçə ilə başa çatıb. Zəka sahibimiz sonuncu, dördüncü görüşdə qara fiqurlarla rəqibinə qalib gəlib. Beləliklə, qrossmeysterimiz 4 görüşdən sonra 2,5:1,5 hesabı ilə ilk final gününün qalibi olub.
Sabah T.Rəcəbovla L.Aronyan arasında ikinci matç keçiriləcək. Yarışın qalibi olmaq üçün şahmatçımıza heç-heçə də kifayət edəcək.
Qeyd edək ki, turnirə yanvarın 3-də yekun vurulacaq. Yarışın ümumi mükafat fondu 200 min ABŞ dollarıdır. Turnirin qalibi 60 min ABŞ dolları qazanacaq.