Fevralın 7-də “Karabakh is Azerbaijan” onlayn şahmat seriyasının 4-cü turniri olan "Qubadlı Cup" turniri keçiriləcək. Chess.az saytının təşkil edəcəyi yarışda Azərbaycan təmsilçiləri ilə yanaşı, xarici ölkə şahmatçıları da mübarizə aparacaqlar.
Bundan əvvəl keçirilmiş 3 turnirin - “Jabrail Cup”, “Fuzuli Cup” və “Zangilan Cup"ın yekunlarına görə, ümumi hesabda Azərbaycan şahmatçısı Elnur Mehtiyev 20 xalla ilk yerdədir. Türkiyə təmsilçisi Kutay Sakmak (16 xal) ikinci, şahmatçımız Orxan Bağırov (14 xal) üçüncü pillədə qərarlaşıblar.
Seriya çərçivəsində bundan sonra daha 4 yarışın - fevralın 14-də "Shusha Cup", fevralın 21-də "Agdam Cup", fevralın 28-də "Kalbajar Cup", martın 7-də isə "Lachin Cup" turnirlərinin təşkili planlaşdırılıb. Seriya ümumilikdə, 8 turnir və böyük finaldan ibarət olacaq. Hər bir turnir işğaldan azad olunmuş şəhərlərimizin adını daşıyacaq. Səkkiz turnirin hər birində ilk altı yeri tutmuş şahmatçılar böyük finala düşmək üçün xallar qazanacaqlar.
Seriyanın sonunda, ən çox xal toplamış ilk 10 şahmatçı martın 14-də keçiriləcək böyük finalda oynamaq hüququ əldə edəcək. Böyük final - "Karabakh is Azerbaijan Grand Final" martın 14-də olacaq.
Zəka sahiblərimiz “Qubadlı Cup”da yarışacaqlar