“Liverpul” və PSJ 1/4 finalda

“Liverpul” və PSJ 1/4 finalda

Ötən gecə Çempionlar Liqasında 1/4 final mərhələsinin daha 2 iştirakçısı müəyyənləşib. İngiltərənin "Liverpul" və Fransanın PSJ klubları növbəti mərhələyə vəsiqə qazanıb.
Mersisaydlılar Macarıstanın paytaxtı Budapeştdəki "Puşkaş Arena"da Almaniya "Leyptsiq"ini 2 cavabsız qolla məğlub edib. Qolları 70-ci dəqiqədə Məhəmməd Salah, 4 dəqiqə sonra isə Sadio Mane vurublar. Premyer Liqa təmsilçisi bu stadionda keçirilmiş ilk görüşdə də rəqibinə 2:0 hesabı ilə qalib gəlmişdi.
PSJ isə İspaniyanın "Barselona" klubunu mübarizədən kənarlaşdırıb. Səfərdə Kataloniya təmsilçisi üzərində 4:1 hesablı qələbə qazanan parislilər cavab oyununda üstünlüyünü qoruyub - 1:1. Meydan sahiblərindən Kilian Mbappe, qonaqlardan isə Lionel Messi fərqlənib. Argentinalı hücumçu ilk hissənin əsas vaxtına əlavə olunmuş 3-cü dəqiqədə penaltidən yararlana bilməyib.