Dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi nüfuzlu “Champions Chess Tour” onlayn şahmat seriyasının dördüncü - “Meltvater” turnirində dörddəbir finala vəsiqə qazanan şahmatçıların adları müəyyənləşib. Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov turnirdə çıxışlarını dayandırıblar. Belə ki, Teymur Rəcəbov son iki turda rusiyalı Yan Nepomnyaşi ilə xalı yarı bölüb, rusiyalı Sergey Karyakinə isə məğlub olub. Şahmatçımız, nəticədə 7 xalla 10-cu olub. Son iki turda Argentina şahmatçısı Alan Piçot və amerikalı Uesli So ilə oyunlarında bərabərlik qeydə alınan Şəhriyar Məmmədyarov isə yekun nəticəyə görə, 6,5 xalla 11-ci yerdə qərarlaşıb.
Beləliklə, norveçli Maqnus Karlsen, niderlandlı Aniş Giri, amerikalı şahmatçılar Uesli So, Hikaru Nakamura, Yan Nepomnyaşi, FIDE təmsilçisi Alireza Firuzca, fransalı Maksim Vaşye-Laqrav və ermənistanlı Levon Aronyan pley-offa vəsiqə qazanıblar. Turnir martın 21-dək davam edəcək.
Xatırladaq ki, Teymur Rəcəbov “Champions Chess Tour” seriyası çərçivəsində keçirilən ikinci - “Airthings Masters” turnirinin finalında Ermənistan təmsilçisi Levon Aronyanı məğlub edərək yarışın qalibi olmaqla yanaşı, həm də seriyanın finalına vəsiqə qazanıb. Şahmatçımız seriyanın üçüncü mərhələsində - “Opera Euro Rapid” turnirində isə üçüncü yeri tutub.