İbrahimoviç yenidən yığmaya dəvət aldı

İbrahimoviç yenidən yığmaya dəvət aldı

Zlatan İbrahimoviç yenidən İsveç millisinə çağırılıb. İtaliyanın “Milan” klubunun 39 yaşlı hücumçusunun adı yığmanın ilkin heyətinə daxil edilib. O, skandinaviyalıların DÇ-2022-nin seçmə mərhələsinin bu ay keçiriləcək Gürcüstan və Kosovo ilə oyunları, həmçinin Estoniya ilə yoxlama görüşündə forma geyinə bilər. Lakin onun millinin düşərgəsinə yollanması futbolçunun durumundan asılı olacaq. Fevralın 28-də keçirilən “Roma” ilə görüşdə (2:1) zədələnən Zlatan tam bərpa olunsa, yenidən yığmanın sıralarında olacaq.
Qeyd edək ki, 2001-ci ildən yığmada çıxış edən İbrahimoviç 116 matçda 62 qol vuraraq komandanın ən yaxşı bombardiridir.